Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 06:24
Bakı. Trend:
Bolqarıstanın Veliko Tırnovo şəhərində ənənəvi keçirilən “Mədəni turizm” Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikasının (AR) Bolqarıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan növbəti dəfə milli stendlə təmsil olunub.
Trend-ə səfirlikdən verilən məlumata görə, sərgidə Azərbaycanın mədəniyyəti, adət-ənənələri, tarixi və turizm imkanları, eləcə də 2018-ci ilin yanvar ayında açılmış Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsi barədə ətraflı məlumat verilib. Ölkə stendində Azərbaycan xalçaları və sənətkarlıq nümunələri, eləcə də rəqs geyimləri nümayiş etdirilib, Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təqdim edilmiş ölkəmizin turizm potensialını əks etdirən broşürlar və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Sərgidə həmçinin Azərbaycanın istehsalı olan nar şirəsinin dequstasiyası keçirilib, ziyarətçilərə Azərbaycan milli şirniyyatları olan şəkərbura və paxlava paylanılıb.
Sözügedən sərginin açılışında iştirak edən Bolqarıstan Respublikasının Turizm naziri Nikolina Angelkova, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıblar.
Qeyd olunmalıdır ki, 16-cı “Mədəni Turizm” sərgisi Bolqarıstan Respublikasının Turizm və Mədəniyyət Nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə Bolqarıstan, Azərbaycan, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika, İndoneziya, Çin və Serbiya daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 30-a yaxın bolqar və xarici şirkət və qurumlar iştirak edib. Bu tip sərginin Veliko Tırnovo şəhərində keçirilməsi də təsadüfi deyil. Belə ki, cari ilin 12 aprel tarixində bu şəhər Bolqarıstanın tarixi və mənəvi paytaxtı elan edilib.
19 aprel 2019-cu il tarixində Veliko Tırnovo şəhəri Naxçıvan şəhəri ilə qardaşlaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin