Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə sədri: Məhkəməyə müraciətlə bağlı qanunvericiliyə edilmiş yeni dəyişiklik aztəminatlı ailələr üçün çətinliklər yaradır

Komitə sədri: Məhkəməyə müraciətlə bağlı qanunvericiliyə edilmiş yeni dəyişiklik aztəminatlı ailələr üçün çətinliklər yaradır

Tarix: 13 Dekabr 2019 13:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, məhkəməyə şəxs ya özü, ya yaxın qohumu və ya vəkili vasitəsilə müraciət edə bilər. Bu isə aztəminatlı və həssas qrupdan olan ailələr üçün bir sıra çətinliklər yaradır.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair memorandumun imzalanması mərasimində çıxışı zamanı bildirib.

Bunun səbəbini açıqlayan H.Hüseynovanın sözlərinə görə, belə şəxslər bu sahədə heç bir bilik və bacarığı olmadığından öz hüquqlarını qoruya bilmirlər. Komitə sədri digər problem kimi qeyd edib ki, yaxın qohumlar çox vaxt həmin şəxsə dəstək göstərmirlər.

O əlavə edib ki, vəkillik xidməti pullu olduğu üçün şəxs onlara müraciət edə bilmir. Bu dəyişikliklərdən sonra QHT-nin hüquqşünasları da vətəndaşların məhkəmələrdə nümayəndəsi kimi çıxış edə bilmirlər: "Biz yaranmış bu problemi komitəyə daxil olan müraciətlərin sayında da görürük. Belə ki, il ərzində alimentin müəyyən edilməsi, atalığın müəyyən edilməsi, nikaha xitam verilməsi, mənzilə yaşayış hüququnun əldə olunması, məişət zorakılığı və digər məsələlərlə bağlı müraciətlərin sayı artmaqdadır".

H.Hüseynova bildirib ki, bütün bunlar vətəndaşların, o cümlədən, məişət zorakılığından zərər çəkən şəxslərin hüquq-mühafizə orqanlarında və məhkəmələrdə müdafiəsi üzrə hüquqi dəstəyin verilməsi məsələsinə yenidən baxılmasını tələb edir.

Onun sözlərinə görə, bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən humanist bir addım atıldı: "Prezidentin aztəminatlı şəxslərə Vəkillər Kollegiyası tərəfindən ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı imzaladığı fərman bu problemin həllində mühüm sənəddir. Beynəlxalq təcrübədə ehtiyacı olanlar üçün hüquqi yardımın təşkili və bu sahədə maliyyə-iqtisadi maneələrin aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir. Bizim də məqsədimiz odur ki, yaşadığı yerdən, sosial vəziyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq, bu dəstəkdən hər bir vətəndaşımız istifadə edə bilsin".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komitə sədri Məhkəməyə müraciətlə bağlı qanunvericiliyə edilmiş yeni dəyişiklik aztəminatlı ailələr üçün çətinliklər yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ