Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 14:20
Bakı. Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Trend-in məlumatına görə, memorandumu AQUPDK –nin sədri Hicran Hüseynova, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Qulam İshaqzai imzalayıblar.
Memorandum məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın göstərilməsi istiqamətində birgə səylərin gücləndirilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır. Üçtərəfli sənəd qüvvəyə minəndən sonra tərəflər Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi dəstəyin göstərilməsi, vəkillərin ixtisaslaşdırılması, Vəkillər Kollegiyası ilə yerli yardım mərkəzləri arasında əməkdaşlıq və əlaqələndirmə mexanizmlərinin gücləndirilməsində səyləri artıracaqlar.
Sənədə əsasən, AQUPDK nəzdində fəaliyyət göstərən yerli Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət daxil olduqda, Kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxsə müvafiq hüquqi dəstək xidməti göstəriləcək. Eyni zamanda, tərəflər zərərçəkmişlərin hüquqlarının müdafiəsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əlaqələndirmənin gücləndirilməsi, bu şəxslərə hüquqi yardımın göstərilməsi üzrə vəkillərin bilik və təcrübələrinin artırılması üçün Vəkillər Kollegiyasının fəaliyyətinin dəstəklənməsi, vəkillər üçün gender-həssas təlim modullarının təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin