Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 16:00
Bakı. Trend:
Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU)” “Bir günlük xəlifə” layihəsi çərçivəsində universitetin vəzifəli şəxslərini tələbələr əvəzləyib.
Azərbaycan Dillər Universitetindən Trend-ə verilən məlumata görə, əsasını Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı Kamal Abdullanın qoyduğu “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Belə ki, rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri, həmkarlar təşkilatının bir günlük sədri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.
Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.
Rektor vəzifəsi üçün seçilmiş 8 nəfər namizəddən Filologiya və jurnalistika fakültəsinin 440-cı qrup tələbəsi Gülmalı Məmmədov 98 səslə qalib gəlib. Xəlifə-rektor öz təəssüratlarını bölüşüb:
“İlk növbədə, universitetdə belə mühit yaratdığı üçün, bizə belə şans yaratdığı üçün hörmətli rektor akademik Kamal Abdullaya öz dərin təşəkkürümü bildirirəm. Çünki, həqiqətən, bizə-tələbələrə bir gün belə şans verilməsi onların həm sosial həyatlarında, həm də fərdi inkişaflarında mükəmməl və əvəzedilməz rol oynayır. Birgünlük də olsa, bizə belə imkanın verilməsi tələbə kimi yox, həmin vəzifələrin icraedicisi kimi davranmaq, həqiqətən də xoşdur. Xəlifələri tələbələr namizədlər arasından tam demokratik şəkildə özləri seçir. Altı mindən çox tələbənin oxuduğu universitetdə rektor seçilmək mənim üçün də unudulmaz günlərdən biridir. Əminəm ki, həyatım boyu unutmayacağım günlərdən biri olacaq. Çünki hər gün tələbə kimi gəldiyim universitetə birgünlük də olsa, həmin universitetin rektoru, rəhbəri kimi gəlmək, universitetin tələbələrindən tutmuş bütün universitet işçilərinin səni rektor kimi qəbul etməsi unudulmaz hissdir. Bu hissi bizə yaşatdığı üçün rektorumuza bir daha təşəkkürümü bildirirəm.
Hər bir valideyn öz övladı ilə fəxr etmək istəyir. Əminəm ki, bu gün xəlifə adını qazanan hər kəsin valideyni övladları ilə qürur duyur. Mənim də valideynlərim onlardan biridir. Hər gün tələbə kimi çıxdığın evdən səhər-səhər valideynlərimin məni universitetin rektoru kimi yola salmağı əvəzedilməz idi. Rektorun sürücüsü də bu gün mənim səlahiyyətlərim dairəsindədir, evdən sürücü məni götürüb. Möhtəşəm bir hissdir. Hər gün metro və ya avtobusla universitetə tələbə kimi gələn adamı şəxsi sürücü qapının ağzından düz universitetə qədər universitetin rektoru kimi gətirir və rektor kimi hörmət edir.
Universitetə gələn kimi rektorumuz necə edirsə, biz də onun kimi davranmağa çalışdıq. Ulu öndər Heydər Əliyevin anım gününü qeyd etdik, büstü önünə güllər qoyub bir dəqiqəlik sükutla yad etdik”.
O, əlavə edib ki, daha sonra rektorluğun iclası keçirilib və bu gün görüləcək işlər haqqında xəlifə yoldaşları ilə müzakirə aparıblar:
“Bildiyiniz kimi, universitetdə xəlifə seçkiləri tam demokratik şəkildə tələbələrin özünün seçdiyi prosesdir. Mən platforma hazırlamamışdım. Məni bu gün rektor edən səbəblərdən biri də səmimi olmağım, onlarla tələbə yoldaşı, dostu kimi danışmağım idi. Xəlifə adını qazanmağın mənim üçün ən mühüm cəhəti odur ki, bu boyda universitetdə tələbələr məni öz rektorları kimi görüblər. Burada mənim üçün önəmli olan həmin tələbələrin səsvermədə iştirakı və onların seçdiyi biri olaraq burada oturmağımdır. Bu gün mənim tələbə yoldaşlarım öz sıralarından məni bu yerə layiq görüblər və onların hamısına təşəkkür edirəm. İnanıram ki, etimadlarını doğruldacağam.
Əvvəlcədən tələbələrə heç bir vəd vermədik ki, onların fikri yayınmasın. Sadəcə, tələbələrə bildirdik ki, istənilən problemlərində həlli mümkündürsə, sonuna qədər yanlarında olacağıq. Həlli mümkündür ona görə deyirəm ki, bəzən tələbələrimiz bizdən asılı olmayan şeylər də istəyirlər və onların həlli səlahiyyətlərimizdən kənara çıxır. Bu başdan da bildirək ki, qeyri-qanuni şeylər etməyəcəyik. Həlli mümkün olan məsələlərdə əlimizdən gələn hər şeyi axıra qədər edəcəyik. Bunlar imtahan prosesi, dərs vəsaiti, kitabxanamızla bağlı olan məsələlərdir. Həlli real olan məsələlər bizim əsas gündəmimizdə olacaq və çalışacağıq ki, onları həll edək. Bizə tələbələrin problemləri ilə maraqlanmaq, sinif otaqlarına girib tələbələrlə danışıq aparmaq, kafedralara, dekanlıqlara girib problemlərini öyrənmək imkanı verilib. Biz də bu imkandan istifadə edəcəyik. Tələbələrin problemlərini siyahılaşdırmışıq, həlli mümkün olan bütün məsələlər qeydə alınıb. Ümid edirəm ki, istədiyimizə çata biləcəyik”.
Gülmalı Məmmədov qeyd edib ki, rektorun vəzifəsini icra etmək məsuliyyəti onu qorxutmur: “Çünki mən tələbə yoldaşlarımın bir günlük rektoru olacağam. Həm də inanıram ki, mən yerinə oturduğum rektordan gördüyümün bir faizini edə bilsəm, heç bir problem olmayacaq. Həmçinin, məsuliyyət hissi yerindədir. Çünki bir günlük universitet mənə tapşırılıb və rektor olaraq bütün məsuliyyət mənim üzərimdədir. Təbii ki, müəyyən məsuliyyət var, həyəcan var. Qorxu deməzdim, burada oturmaq inanmıram ki, o dərəcədə qorxulu olsun. Çünki öz tələbə yoldaşlarımla işləyəcəyəm və onların problemləri üçün çalışacağam. Həyəcan isə yerindədir və həddindən artıq da çoxdur.
Xəlifə seçkiləri yalnız bu il və bundan sonrakı illərə əhatə olunmur. Önümüzdəki illərdə də bu, davam edəcək. Tələbə yoldaşlarıma tövsiyə edərdim ki, növbəti baş tutacaq xəlifə seçkilərində də builki kimi çoşqu ilə yaxından iştirak etsinlər və yoldaşlarının bir gün də olsa, haqlarını müdafiə edə bilsinlər. Platformalarında elə şeylər hazırlasınlar ki, həqiqətən də onları həyata keçirə bilsinlər, tələbələrin etimadlarını doğrulda bilsinlər.
Daim düşünürlər ki, belə vəzifələrə xüsusi tələbələr seçilir. Mən öz nümunəmdən deyə bilərəm ki, kababçı oğluyam və universitetdə heç bir arxa-dayağım yoxdur. Məni tələbələr demokratik şəkildə seçib və mən onların xəlifə rektoruyam. Gələcək illərdə də namizədliyini vermək istəyən hər kəsə bildirmək istəyirəm ki, kimliyindən asılı olmayaraq, hər kəs bu seçkilərdə iştirak edə bilər və hər kəsin seçkilərdə qazanmaq imkanı var”.
Qeyd edək ki, oktyabrın 26-dan noyabrın 26-dək “Bir günlük xəlifə” layihəsində iştirak etmək üçün 37 rəhbər vəzifə üzrə 215 tələbə müraciət edib. 3-4 dekabr 2-ci mərhələ seçkilərində 37 vəzifə üzrə 97 namizəd iştirak edib.
Rektor seçkilərində 235 nəfər seçici qismində iştirak edib. 2 gün ərzində 650 nəfər seçici seçkilərə qatılıb. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla, 37 rəhbər vəzifəni icra edirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.
Bu layihə ilə tələbələr arzularını gerçəkləşdirmək şansı qazanırlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin