Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 06:32
Sinxron üzgüçülər Zərrin və Tamilla: Qalib gəlməyəndə təəssüflənmək əvəzinə, daha da çox çalışırıq
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
Azərbaycanda çox da tanınmayan idman növü ilə - sinxron üzgüçülüklə məşğul olurlar. Yaşları az olsa da, artıq bir sıra nailiyyətlərə imza atıblar. Çünki hələ iki yaşları olandan idmanın müxtəlif sahələri ilə məşğul olmağa başlayıblar. Sinxron üzgüçülüyə həvəs isə heç də təsadüfən yaranmayıb.
Müsahiblərim bu yaxınlarda sinxron üzgüçülük üzrə beynəlxalq yarışda ikinci yerə layiq görülən Tamilla və Zərrin Rəfiyeva bacılarıdır.
Qeyd etdiyim kimi, sinxron üzgüçülük Azərbaycanda bir o qədər də məşhur olmayan idman növlərindən biridir. İdmançılar musiqi sədaları altında həm suyun altında, həm də su üzərində müxtəlif hərəkətlər icra edir.
Kiçik yaşlarından gimnastika ilə məşğul olan Zərrin və Tamilla daha sonra akrobatika və üzgüçülüyə istiqamətləniblər. Qızlar artıq üç ildir ki, professional olaraq sinxron üzgüçülüklə məşğul olurlar. Zərrin deyir ki, əvvəllər sinxron üzgüçülük haqqında məlumatlı olmayıblar: "Əvvəlcə adi üzgüçülüyə yazıldıq. Bir il üzgüçülüklə məşğul olduqdan sonra gimnastika və akrobatika dərslərinə başladıq. Sonra anam bizi sinxron üzgüçülüklə tanış etdi. O həm də bizdə üzgüçülüyün bu növünə maraq yaratdı. Elə ilk tanışlıqdan suyun içində rəqs etmək marağımızı çəkmişdi. Beləcə, bu idmanla məşğul olmağa başladıq. İkimiz də sinxron üzgüçülüyü təqribən bir il müddətinə öyrənə bildik. Daha əvvəl üzgüçülüklə məşğul olduğuma görə, sinxron üzgüçülük mənə çətin gəlmirdi. Həm də müəllimlər bizimlə ən aşağı səviyyədən başladı deyə, öyrənmək çox da çətin olmadı. Dərslərimiz həftədə üç dəfə keçirilir. Hərdən elə olur ki, beş saatdan çox məşq edirik. Xüsusilə yarışlardan əvvəl iki ay müddətində hər gün sinxron üzgüçülük dərsi alırıq".