Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 16:50
Bakı. Elçin Mehdiyev – Trend:
Radikal müxalifətin Oqtay Gülalıyevin ağır səhhəti üzərindən siyasi manipulyasiya etməsi, siyasi dividend qazanmaq cəhdi çox böyük çirkinlikdir. Bu, nəinki siyasətçiyə, ümumiyyətlə, insana və insanlığa yaraşmayan bir hərəkətdir.
Bunu Trend-ə deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, Oqtay Gülalıyevə vaxtında tibbi yardım göstərilib: “Oqtay Gülalıyev qəza keçirib, çox ağır kəllə-beyin travması alıb. Ona Bakıda ilkin tibbi yartdım doğru yolla aparılıb. Bunu Türkiyədən gələn həkim də təsdiq etdi. Heydər Əliyev Fondu dərhal məsələni nəzarətə götürdü. Bu, Fondun humanitar bir missiyasıdır və minlərlə insana belə yardımlar göstərib. Lakin müxalifətin radikal qanadı çox çirkin oyun oynamağa başladı və Oqtay Gülalıyevin bu ağır vəziyyətindən istifadə edərək siyasi dividend qazanmağa çalışdı. Hətta Oqtay Gülalıyevin ailəsinin kədərinə də acımadılar. Düşünmədilər ki, bunların hərəkəti onun ailəsinə, yaxınlarına necə təsir göstərə bilər. Yalnız öz siyasi kapitallarını artırmaq üçün çirkin oyunlara getdilər. Daha sonra iddia etdilər ki, guya Heydər Əliyev Fondu Oqtay Gülalıyevə yardımı dayandırıb, ancaq Heydər Əliyev Fondunun açıqlaması göstərdi ki, Fond bu missiyasından geri çəkilməyib”.
M.Quliyev vurğulayıb ki, radikal müxalifətin bu çirkin oyunları Azərbaycan ictimaiyyəti tərəfindən də qınanıldı: “Hər hansı bir şəxsin xəstəliyi ilə bağlı manipulyasiya etmək insanlığa yaraşmayan hərəkətdir. Bacarırsansa, kömək et və bu köməyi də reklam etmək lazım deyil. Kömək edə bilmirsənsə, heç olmasa kənara dur, mane olma. Radikal müxalifətin bu çirkin hərəkətləri bir daha göstərdi ki, onların yoldaşlıqları da bu qədər imiş.
Əlbəttə ki, Oqtay Gülalıyevin müalicəsi çox bahalıdır və kifayət qədər vəsait tələb edir. Ancaq Heydər Əliyev Fondu bu məbləği açıqlamır. Lakin radikal müxalifət xırda məbləğdə vəsait yığıb və bar-bar bağırmağa başlayıblar ki, guya bunlar Oqtay Gülalıyevə yardım edirlər. Bunun üzərindən siyasi şou yaradırlar. Halbuki, onların yığdığı vəsait Heydər Əliyev Fondunun xərclədiyi vəsaitin mində-biri qədər deyil".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin