Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xırdalan dairəsi ətrafında genişləndirmə işləri aparılır - FOTO

Xırdalan dairəsi ətrafında genişləndirmə işləri aparılır - FOTO

Tarix: 17 Dekabr 2019 09:06

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır.

Hazırda layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir.

Analoji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulur. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. Bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılacaq.

Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur ki, hazırda bu istiqamətdə sənədləşmə işləri aparılır. Yaxın müddət ərzində bu çərçivədə də işlərə başlanılması planlaşdırılır.


Etiketlər:  Xırdalan dairəsi ətrafında genişləndirmə işləri aparılır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ