Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Müstəqil və müxalif”lər seçkilərdən pul qazanmağa çalışır: əqidəni pula satanlar fəallaşıb

“Müstəqil və müxalif”lər seçkilərdən pul qazanmağa çalışır:  əqidəni pula satanlar fəallaşıb

Tarix: 17 Dekabr 2019 10:00

Siyasi fəaliyyətdə və ümumiyyətlə, siyasətdə prinsiplər olmalıdır. Prinsiplərdən xali siyasət həddən ziyadə çirkindir, sadəcə, maraqların təminatı və mənafelərin reallaşdırılmasına köklənib. azərbaycan müxalifətinin aqressivləşmiş kəsimindəki prinsipsizlik bu düşərgədəki adamların maraqlarından çıxış edən və özlərini "media mənsubları" adlandıran insanlara da sirayət edib.

Prinsipsizlik taunu son günlərdə daha aşkar və qabarıq formada təzahür edir.

"Seçkilərdə namizədlərin öz təbliğatlarını aparmaları üçün ödənişli efir və digər imkanlar yaradırıq. Maraqlananlar bizimlə əlaqə saxlaya bilərlər".

Fevralın 9-da ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı aqressiv və radikal mövqe tutan, seçkiləri qanunsuz sayan şəxslər indi elə həmin seçkilər vasitəsilə pul qazanmağa çalışırlar,

Belələri çoxdur, onlardan sadəcə biri - YouTub-dakı "Azad söz" kanalının və sosial şəbəkələrdəki eyniadlı profillərin de-yure sahibi Tural Sadıqlıdan bəhs etmək olar.

T.Sadıqlı əvvələr özünü "müstəqil bloqer" adlandırsa da, son vaxtlar oyun qaydalarını dəyişib və mövqeyini aşkar izhar etməyə başlayıb.

O, AXCP sədri Əli Kərimlini sosial şəbəkələrdə maksimal dərəcədə təbliğ edən kəslərdən birinə dönüb. Ə.Kərimli ilə yanaşı, müxalifətin bəlli kəsimində olan, yəni AXCP sədrinin ətrafına yığışan və mövqelərini onunla bölüşən fiqurlar da "Azad Söz"ün prioritet müsahibləridir.

T.Sadıqlı Azərbaycandakı istisnasız olaraq bütün proseslərə məhz "öz" prizmasından baxır, hər olayı fərdi "yanaşma bucağı"ndan təhlil edir.

Onun baxışlarını və təhlillərini əvəlcədən ehtimal etmək çox asandır: "Azad Söz"ün mövqeləri heç bir halda ABŞ-a sığınmış Sevinc Osmanqızının taktikasından fərqlənmir.

S.Osmanqızı isə bəlli, Ə.Kərimlinin faktiki sözçüsü, mətbuat xidmətinin rəhbəri funksiyalarını yerinə yetirir.

S.Osmanqızı kimi, T.Sadıqlı da fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini birmənalı olaraq pisləyir, hədəfə alır, seçki prosesini qeyri-legitim və qanunsuz sayırlar.

Amma onlar üçün istənilən proses təki, parlament seçkiləri ərəfəsindəki durum sırf maddi maraqların təminatı üçün vasitədir.

Əgər S.Osmanqızı AXCP sədri Ə.Kərimlinin Facebook səhifəsində paylaşdığı bütün statusları sonradan YouTube kanalındakı translyasiyalarının mövzusuna çevirirsə, T.Sadıqlı bir qədər fərqli davranır, "nisbətən müstəqil" olduğunu göstərməyə çalışır.

Onun "suverenliyi" Ə.Kərimlinin izn verdiyi arealdan kənara çıxmır və bu, T.Sadıqlının tamahının təminatı üçün yetərli olmadığından o, yeni fəaliyyət müstəvisində özünü sınamaq qərarına gəlib.

"Azad söz" indi millət vəkilliyinə namizədlərə "tribuna verməyə" hazır olduğunu deyir. Təbii ki, havayı yox - siyasi xeyriyyəçilik, təmənnasız fəaliyyət və altruizm T.Sadıqlının təbiətinə zidd, xislətinə əksdir.

Bu səbəbdən də o, əlavə gəlir mənbəyi qismində gördüyü proseslərdən bəhrələnməyə çalışır.

Potensial gəlir olan yerdə isə T.Sadıqlı üçün prinsiplər, məfkurə, mövqe və ya durum arxa plandadır: əsas məsələ merkantil istəklərin təminatıdır.

Məqsəd heç də seçicilərə namizədlərin seçki platformaları ilə tanış olmaq üçün imkanların yaradılmasından getmir.

Bəhs etdiyimiz kimi, T.Sadıqlı növbədənkənar parlament seçkilərini "tanımır" və qanunsuz sayır.

Lakin belə absurd "mövqe və əqidə" ona "Azad Söz" vasitəsilə namizədlərdən pul almaq cəhdini bəyan etməsinə mane olmur.

Tam əksinə, ibarələr və şüarçılıqla pərdələnən bütün "bloqer"lər təki o da yaranmış situasiyadan, ələ düşmüş fürsətdən bərhələnmək niyyətindədir.

ABŞ-a və Avropa Birliyi ölkələrinə sığınan, orada "siyasi mühacir" statusu almaq üçün dəridən-qabıqdan çıxan və məqsədə çatmağın yolunu Azərbaycanı hədəfə alıb bəlli (bu barədə dəfələrlə bəhs etmişik, adları və ünvanları, şəxsləri və məbləğləri sadalamışıq) mənbələrdən aldıqları əmrlərlə göstərişləri büsbütün yerinə yetirməkdə görürlər.

Belələri Vətən, millət, dövlət, vətəndaş, demokratiya və s. məhfumlardan sürəkli istifadə edir, həmin kəlmələri fasiləsiz dilə gətirirlər. Sadəcə, sözdə. Verbal olaraq. Gerçəkdə və işdə isə onların məqsədi sadəcə, öz maraqlarının təminatı, xüsusilə də mümkün qədər çox pul qazanmaqdır.

Qrant qismində aldıqları pullar, maaş təki ödənilən məbləğlər azlıq edir, çünki adamlar inkişaf etmiş dövlətlərdə adam kimi yaşamaq istəyirlər. Ev istəyirlər, maşın istəyirlər, lüks həyat istəyirlər, sağa-sola pul xərcləmək istəyirlər. İnşaat fəhləsi, kiçik yük avtomobilinin sürücüsü, süpürcəki, qabyuyan, ofisiant, kuryer işləməkdən, dilənçi payını xatırladan sosial müavinət almaqdan usanıblar. Şəhərlərin kənarında, ucqarlarda sosial evlərdə, darısqal mənzillərdə yaşamaqdan, yarıac-yarıtox həyat sürməkdən, hər an deportasiya edilə bilmək qorxusu ilə gün keçirməkdən beziblər.

Bəziləri bunu dilə gətirir, bəziləri guya abır-həya edərək susur, bəziləri yalan danışaraq yaxşı yaşadıqlarını söyləyir, bəziləri də yoxsulluqdan və ümidsizlikdən çılğına dönürlər.

Həmin o çılğına dönən, degeneratlaşmaya üz qoyanlar da xaricdəki xüsusi xidmət orqanları üçün ən əlverişli şikardır və məhz o adamlar Azərbaycana düşmən kəsilir, ölkəmizdə tanınan və nüfuzlu adamlara söyür, hamını təhqir edir, sosial şəbəkələrdə əxlaqsızlıqla və tərbiyəsizliklə başabəla "populyarlıq" qazanmağa çalışaraq iaşə müxalifətinin söyüş şəbəkəsinə çevrilirlər.

Belədirsə, həmin adamlar arasında seçkilərdən bəhrələnmək, pul qazanmaq, gəlir əldə etmək istəyənlərin mövcudluğu və saylarının həndəsi silsilə ilə artması təəccüblü deyil.

Prinsipsizlik məsələsidir bu.

Prinsip yoxdursa, onu həmişə tamah, hərislik, çoxsifətlilik əvəzləyir.

Belə yalıncıqların varlığına niyə təəccüblənirik ki...

Elçin Alıoğlu
Milli.Az


Etiketlər:  Müstəqil müxaliflər seçkilərdən pul qazanmağa çalışır əqidəni pula satanlar fəallaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ