Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq Muğam Mərkəzinin ''Unudulmayanlar'' layihəsinin növbəti tədbiri keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzinin ''Unudulmayanlar'' layihəsinin növbəti tədbiri keçirilib (FOTO)

Tarix: 18 Dekabr 2019 01:10

Bakı. Trend:

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsi yad edilib.

Trend-in məlumatına görə, gecə xanəndənin ifasında “Sona bülbüllər” mahnısının videoyazısı ilə başlandı.

Tədbirin aparıcısı , tədqiqatçı–alim Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığından söz açdı. Diqqətə çatdırdı ki, xanəndəyə Azərbaycanın görkəmli şairləri 300-dən artıq şeir həsr ediblər. Xalq şairi Bəxtiyar Bahabzadənin yazdığı şeirdən nümunə söyləyən aparıcı çıxışı zamanı vurğuladı ki, Qədir Rüstəmov təkcə adi vətəndaşların , muğam sevənlərin sevimli xanəndəsi deyildi, vaxtilə dövrün böyük sənət adamları onun haqqında çox dəyərli fikirlər söyləmişlər. Bu dəyərli fikirlərin ən yüksəkdə olanlarından biri də Ulu öndər Heydər Əliyevə məxsusdur. Vaxtilə ulu öndər Qədir sənəti haqqında demişdir :” Siz Azərbaycanın məşhur muğam ustadlarının layiqli davamçısı olmaqla yanaşı , ümumxalq məhəbbəti qazanmış xoşbəxt sənətkarlardansınız. Zəngin musiqi ənənələri olan qədim Qarabağ diyarının övladı kimi Siz öz ecazkar səsiniz və böyük istedadınızla neçə-neçə qədim xalq mahnısına yeni həyat vermisniz. Sizin nadir ifaçılıq sənətiniz Azərbaycan milli musiqisinin özünəməxsus səhifəsidir”.

Haqqında yazılan fikirlərdən biri də təqribən belədir :”Qədir oxuyanda nədənsə iplə göyün ənginliklərinə dırmaşan bir adam gəlir xəyalıma. Qələbəlikdən seçilən, çoxluqdan arınan, dünyadan qopan çəlimsiz bir adam. İndi yıxılar, bu saat yıxılar! Amma yıxılmır. Qalxdıqca qalxır, yüksəldikcə yüksəlir, qalxıb-yüksəldikcə daha uzaqlardan, daha ucalardan görünür”. Bəli, Qədir Rüstəmov səsi ilə ucaldı və bu gün o, muğam ifaçılıq sənətində dərin ehtiramla yad edilərək qəlblərdə yaşamaq ucalığını nail ola bildi. Təsadüfi deyil ki, Beynəlxalq Muğam Mərkəzinin bünövrəsi qoyularkən mərasimdə Qədir Rüstəmov da iştirak edirdi və bu gün çox təqdirəlayiqdir haldır ki, bir çox muğam ustadları kimi Qədir Rüstəmovun xatirə gecəsi də bu gözəl məkanda təşkil edilib.

Gecədə yazıçı Aqil Abbas, Xalq artisti Ramiz Quliyev, şairlər Ramiz Məmmədzadə, Yusif Savalan Qədir Rüstəmovla bağlı xatirələrini bölüşdülər. Ramiz Quliyev unudulmaz xanəndə ilə birgə Xalq yazıçısı Anarın müəllifi və rejissoru olduğu “Üzeyir ömrü və ya Uzun ömrün akkordları “ filminə çəkilişlərlə bağlı xatirələrini bölüşdü. Qeyd edək ki, bu filmdə Ramiz Quliyev muğam sənətimizdə öz dəst-xətti olan tarzən Qurban Pirimov , Qədir Rüstəmov isə xanəndə Cabbar Qaryağdıoğlunun obrazını yaradıb. Həmçinin filmdən kadrlar nümayiş olundu.

Gecədə Əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, Cabir Abdullayev, Firuz Səxavət, xanəndələr Əlyar Məmmədov, Ağakərim Nafiz Qədir rüstəmov repertuarından olan muğam və xalq mahnıları təqdim etdilər. İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edirdi.

Tədbirin sonunda ailə üzvləri adından Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov çıxış edərək atasının sənətinə dövlətimizin hər zaman diqqətini qeyd edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.

Qeyd edək ki, BMM-nin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olunmasıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Beynəlxalq Muğam Mərkəzinin Beynəlxalq Muğam Mərkəzinin Beynəlxalq Muğam Mərkəzinin Beynəlxalq Muğam Mərkəzinin Beynəlxalq Muğam Mərkəzinin Beynəlxalq Muğam Mərkəzinin Beynəlxalq Muğam Mərkəzinin Beynəlxalq Muğam Mərkəzinin


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzinin Unudulmayanlar layihəsinin növbəti tədbiri keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ