Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 11:51
Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə müəllifin vətəninə qayıdır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, 13, 15 və 16 mart 2020-ci il tarixdə Heydər Əliyev Sarayında məşhur əsərin təqdimatı keçiriləcək.
Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.
Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcək.
Tarixi təqdimat üçün Simon Versaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanır.
Arif Məlikov "Məhəbbət əfsanəsi" baletini tanınmış türk şairi Nazim Hikmətin "Fərhad və Şirin" əsəri əsasında yazdığı librettoya bəstələyib. Nazim Hikmət həmin əsəri görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından ilhamlanaraq qələmə alıb. Arif Məlikov isə faciəli sevgi və fədakarlıqdan bəhs edən qədim Şərq əfsanəsinə musiqi şəklində yeni həyat qazandırıb. Bəstəkar 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu 2 ilə bitirib.