Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 15:27
Bakı. Trend:
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) daha bir reabilitasiya müəssisəsinin – Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza Xidmətinin rəisi Cavid Əbdul-Qədirov, qeyri-hökumət qurumlarının nümayəndələri, əlilliyi olan şəxslər və b. iştirak ediblər.
A.Kərimov vurğulayıb ki, mərkəzdə müasir tələblərə uyğun istehsal, qəbul və xidmət şəraitinin yaradılması, eyni zamanda, yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əliliyi olan şəxslərə xüsusi qayğısının daha bir təzahürüdür.
Nazir müavini dövlət başçısının tapşırıqları əsasında ötən dövrdə bir çox bölgələrdə yeni reabilitasiya mərkəzlərinin, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradıldığını deyib. Bildirib ki, hazırda nazirliyin 14 bərpa-müalicə müəssisəsi vardır ki, Prezident cənab İlham Əliyevin tapşırığı ilə həmin müəssisələrin müasir tələblərə uyğun qurulması işləri də geniş vüsət alıb. Son illərdə Nazirliyin Respublika Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Ötən ay, yəni noyabr ayında Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Bakıda Mərdəkan Müalicə Pansionatının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Bu gün isə Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilir.
A.Kərimov diqqətə çatdırıb ki, Mərkəzin istehsal sahəsində müxtəlif protez-ortopedik məhsullar (protez, ortez, korset, ortopedik ayaqqabı, protez ayaqabı və s.) hazırlanır. Bu ilin ötən dövründə Protez-Ortopedik Bərpa Mərkəzi 13607 nəfər əlilliyi olan şəxsi 35,5 minə yaxın reabilitasiya vasitəsi, o cümlədən 1920 əlil arabası ilə təmin edib. Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionarlarında isə 732 şəxsə reabilitasiya xidmətləri göstərilib. Bu il müəssisənin əməkdaşları bölgələrdə yaşayan, Bakıya gələ bilməyən 800-ədək əlilliyi olan şəxsə ehtiyac duyduqları 4 minə yaxın reabilitasiya vasitəsini yaşadıqları şəhər və rayonlara, hətta evlərinə aparıb təqdim ediblər.
Nazir müavini bildirib ki, Protez-Ortopedik Bərpa Mərkəzində müasir tələblərə uyğun şərait yaradılmaqla, avadanlıqlar, həmçinin tibbi və reabilitasiya aparatları yenilənib. Eyni zamanda, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Mərkəzdə Almaniyanın “Ottobock” şirkəti ilə əməkdaşlıq şəraitində layihələndirilməklə, yüksək texnologiyalı protezlərin istehsalı sexi də qurulub. Burada yüksək texnologiyalı reabilitasiya vasitələrinin, funksional protezlərin hazırlanması işləri aparılacaq.
E.Əhmədov əlilliyi olan şəxslərə dövlət qayğısından bəhs edib. O, Protez-Ortopedik Bərpa Mərkəzinin və digər reabilitasiya müəssisələrinin müasir tələblərə uyğun qurulmasının, əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin ölkədə aparılan güclü sosial siyasətin bir nümunəsi olduğunu vurğulayıb.
Digər çıxış edənlər əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, onların tibbi-sosial reabilitasiya imkanlarının artırılması istiqamətində atılan addımlardan razılıq hissi ilə bəhs ediblər.
Qeyd edək ki, müəssisədə əlilliyi olan şəxslərin hərəkət imkanları üçün maneəsiz şərait yaradılıb. Hazırda bir sıra reabilitasiya və sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Qobustan Sosial Adaptasiya Mərkəzi isə yaxın vaxtlarda istifadəyə veriləcək. Ayrı-ayrı bölgələrdə yeni reabilitasiya müəssisələrinin tikintisi də nəzərdə tutulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin