Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 00:20
Dekabrın 19-da Bakı Gimnastika Məktəbində gənc gimnast tələbələrin Azərbaycanın bədii gimnastika üzrə milli yığmasının üzvləri, qrup hərəkətləri komandalarının idmançıları - Siyana Vasilyeva, Aliya Paşayeva və Zeynəb Hümmətova ilə görüşü keçirilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, görüşdə məktəbin 4-13 yaş arası 80-ə yaxın tələbəsi iştirak edib.
Görüş zamanı məktəb tələbələri idnmançılara suallar veriblər. Gimnastika məktəbinin şagirdləri Siyana Vasilyeva, Aliya Paşayeva və Zeynəb Hümmətovadan bədii gimnastikanı niyə seçdikləri ilə maraqlanıblar, beynəlxalq çempionatlarda iştirak etmək, yarışa çıxmaqla həyəcanın öhdəsindən gəlmək və bir çox başqa məsələlər barədə danışmağı xahiş ediblər.
Azərbaycan milli komandasının üzvləri məmnuniyyətlə onlarla öz təcrübə və biliklərini ilə bölüşüb, lazımi tövsiyə və məsləhətlərini veriblər.
Daha sonra tədbir avtoqraflar paylamaqla davam etdirildi.
Media nümayəndələrinə verdiyi müsahibədə Zeynəb Hümmətova qeyd etdi ki, Azərbaycanda gimnastikaya böyük maraq göstərilir.
Z.Hümmətova dedi: "Sevindirici haldır ki, bunu təkcə paytaxtda deyil, eyni zamanda gimnastikanın fəal inkişaf etdiyi bölgələrdə də müşahidə etmək olar. Bugünkü tədbirdə gənc gimnastların böyük enerjisini hiss etdik, yüksək maraq göstərdilər, fəal suallar verdilər. Ancaq bizim üçün də bu görüş vacibdir, çünki uşaqlar bizdən nümunə götürürlər, onların sevgisini və dəstəyini hiss edirik".