Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın milli parklarında Günəş panellərindən istifadə ediləcək

Azərbaycanın milli parklarında Günəş panellərindən istifadə ediləcək

Tarix: 20 Dekabr 2019 22:00

Bakı. Trend:

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmiləri Şirvan Milli Parkında istifadəyə verilmiş aleternativ enerji mənbələrindən biri olan Günəş panellərinə baxış keçiriblər.

ETSN-dən Trend-ə verilən məlumata görə, günəş panelləri Yaponiyanın “ITOCHU Corporation” şirkətinin dəstəyi ilə quraşdırılıb.

Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə jurnalistlərə bildirib ki, Günəş panelləri həm Şirvan, həm də Qızılağac milli parklarında quraşdırılıb və istifadəyə verilib. Gələcəkdə digər xüsusi mühafizə olunan təbiət ərazilərində də alternativ enerji mənbələrindən istifadəyə keçilməsi planlaşdırılır.

Onun sözlərinə görə, Günəş panelləri vasitəsilə milli parkın 4 inzibati təyinatlı binası və bir giriş postu elektrik enerjisi ilə təchiz olunur: “Milli parklarda Günəş panellərinin quraşdırılması alternativ enerji mənbələrindən istifadəni stimullaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, elektrik enerjisindən istifadəyə qənaət olunur. Bildiyimiz kimi dünyada alternativ enerji mənbələrinin dəstəklənməsi tendensiyası gedir. Nazirlik də enerjinin bu növünün istifadəsinin tərəfdarıdır. Çünki alternativ enerji mənbələrindən istifadəyə keçmənin özü də təbiətə bir töhfədir. Milli parklarımızda bunlar nəzərə alınır”.

Nazirliyin rəsmisi milli parklarda innovativ vasitələrin istifadəsinə üstünlük verilməsi məsələlərinə də toxunub: “Artıq milli parklarda 3 D virtual başlıqların istifadəsinə başlanılıb. Həmin cihazdan istifadə etməklə qısa müddət ərzində milli parkın bütün özəllikləri ilə tanış olmaq mümkündür. Artıq Şirvan Milli Parkında da turistlər 3 D virtual başlıqlardan istifadə edə bilərlər. Gələcəkdə digər milli parklarda da bu cür texniki vasitələrin istifadəsinə üstünlük veriləcək. Məqsədimiz təbiətimizi daha çox tanıtmaq, turistlərə daha çox məlumat verməkdir".

“ITOCHU Corporation” şirkətinin Bakı Nümayəndəliyinin baş meneceri Kenqo Kimura təmsil etdiyi şirkətin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitə zərərli qazların emissiyalarının azaldılması fəaliyyətinə dəstək göstərdiyini bildirib: “Biz Şirvan Milli Parkı da daxil olmaqla iki xüsusi mühafizə olunan təbiət ərazisində kiçik günəş elektrik stansiyalarının quraşdırılmasını həyata keçirmişik. Bunun əsas məqdədi ekologiyaya müsbət təsirdir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın milli parklarında Günəş panellərindən istifadə ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ