Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 22:46
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Keşlə” ilə cavab oyunundan (3:1, ilk oyun 1:0) sonra mətbuat konfransı keçirib. Qol.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.
- Ağır oyun oldu, futbolçularıma təşəkkür etdim. Hər birimiz ağır dövr keçirdik. İstirahət dövrümüz az olacaq.
- Yarımfinal mərhələsindəki rəqib "Sumqayıt"dır. Çempionatdakı məğlubiyyətin qisasını almaq haqqında düşünürsünüz?
- Bu barədə düşünmək üçün tezdir. Kubok fərqli bir turnirdir. Bu oyunlara hazırlaşmaq üçün vaxtımız olacaq. Hər iki komandada dəyişiklik ola bilər. Oyuna yaxın daha ətraflı cavab verə bilərik.
- Ötən mövsüm qış fasiləsinə 2-ci pillədə yollanmışdınız, bu dəfə isə ilk pillədə. Sizcə, "Neftçi" zəifləyib, ya "Qarabağ" güclənib?
- Hər bir komanda mübarizə aparır. Bu dəfə xal fərqi başqa oldu, amma bu, o demək deyil ki, "Neftçi" zəifləyib, ya da biz güclənmişik. Əminəm ki, hər iki komanda qış fasiləsindən sonra daha ciddi hazırlaşacaq.
- Musa Qurbanlının oyunu necə təsir bağışladı?
- Hələ debüt oyunu idi. Formalaşması üçün vaxt lazımdır. Fikir bildirmək tezdir. Öz üzərlərində çox çalışmalıdırlar.
- Göndəriləcək futbolçular müəyyənləşib?
- Bu gün Simeon Slavçevlə yollar ayrıldı. Hələ ki, heç bir fikir deyə bilmərəm. Gətirmək istədiyim futbolçular var. Hər dəfə deyirəm, amma heç bir dəyişiklik yoxdur.
- Pedro Enrikenin komandaya qaytarılacağı ilə bağlı xəbərlər yayılıb.
- Danışıqlar olub, amma bu transfer alınmadı.
- Asmir Beqoviçin gedişindən sonra yeni qapıçı transferi olacaq?
- Bir neçə variant var, danışıqlar gedir. Hələ "Bornmut" rəhbərliyi ilə danışıqlar olacaq. Amma görünən odur ki, asan həll olunacaq transferə bənzəmir.
- Vaqner da Silva 4 aydır oynamır. Oyun formasını bərpa etmək çətin olmayacaq?
- Düşünmürəm, çünki qapıçılar ən az oyun keçirən futbolçularımızdır. Şahruddin də 3 ay idi ki, oynamırdı. Belə problemin olacağını düşünmürəm.
- "Keşlə" üzərində qələbəyə çox sevindiniz, yoxsa gənc futbolçulara görə?
- Bu barədə düşünməmişdim, amma indi düşündüm. Qələbəyə sevinirik, amma 3-cü qolda gənclər daha çox sevindi.
- Riçard Almeydanın müqaviləsinin müddəti bitdi. Yeni qərar necə olacaq?
- Bitdi, amma hələ razılıq olmayıb. Danışıqlara başlamışıq, amma hələ razılaşmamışıq.