Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Artan risk artan gəlir deməkdir" - Uğur hekayəsi - FOTO

Tarix: 23 Dekabr 2019 22:00

Elvin Əliyev: "Hər şeyi dayandırıb sıfırdan başlamaq ruhlandırıcıdır və bəşəriyyətin irəli getməsi üçün labüddür" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Uğurludur. Amma məqsədi uğura çatmaq deyil, onunla işləməkdir. Məhz bu səbəbdən onun uğur formulu yoxdur. Deyir ki, uğur bir kağızda yazılmış formul ilə izah olunsaydı, o formulun kitabını almaq üçün bütün pullarımı verərdim. Ona görə, uğur fəlsəfə, mentalitet, düşünmə tərzidir.

Müsahibimiz Kanadada Moirai Reach İmmiqrasiya Konsaltinq Şirkətinin parntyoru Elvin Əliyevdir. 

Həmsöhbətimiz dünyanın ilk telekommunikasiya şirkəti olan Bell Kanadada marketinq departamentində strateji müşavir işləyib. Kanada bazarında şirkətin telekommunikasiya tarif və məhsullarının bazara çıxışını təmin edib. 2017-ci ildə Torontoya köçüb. Azərbaycanda isə Rabitə Nazirliyinin Azintelekom şirkətində Marketinq Direktoru, mobil operatorların birində məhsulların inkişafı şöbəsinin müdiri kimi işləyib: "Bu işlərlə paralel olaraq ADA Universitetində bakalavr və biznesin idarəedilməsi üzrə magistraturada (MBA) müəllimlik etmişəm. Təhsilimi Amerika Birləşmiş Ştatlarında Dövlət Departamentinin Edmun S. Muskie təqaüdü ilə almışam və oxuduğum zaman ABŞ Federal Bankının İqtisadi Araşdırmalar Departamentində iqtisadiyyat və maliyyə sahəsində araşdırmaların aparılması ilə məşğul olurdum". 

Həmsöhbətimiz həm də 2016-cı il ASPEN İnstitutunun Liderlər Təqaüdü proqramının məzunudur.  

- Elvin bəy, tərcümeyi-halınız çox zəngindir. Maraqlıdır, ilk pulunuzu nə vaxt qazanmısınız?

- Pul qazanmağa 18 yaşında başladım. Universitet illərimdə abituriyentlərə riyaziyyatdan məşğələlər keçirdim. İlk məşğulluq yerim isə sığorta şirkətində olub. Orada aviasiya sığortası sahəsində müqavilələr və sığorta sertifikatlarının hazırlanmasına məsul idim. Hazırda mənə asan görünsə də, həmin iş 19 yaşım üçün çox maraqlı idi. 

- Müəllimlik, sığorta, telekommunikasiya və immiqrasiya mütəxəssisi... Fərqli sahələrdir. Fərqlilik maraqlı olduğu qədər də çətindir. O çətinliklər sizi qorxutmurdu ki?

- Qətiyyən! Əslində maneələr bizi gücləndirir. Düşünürəm ki, çətinlik və səhvlərin yoxluğunda keçirdiyin həyatın marağı da olmaz.  İnanıram ki, maneələrin əksəriyyəti gerçəklikdən çox insanların şüraltında formalaşır. Mənim üçün maneəni görüb yoldan çəkinmək həyatda uduzmağı etiraf etməkdir. Düzdür, maliyyə sahəsindən marketinqə keçid çox maraqlı transformasiya idi. Lakin, məhz maliyyə biliklərim mənim marketinq aləmində də irəli getməyimə kömək oldu.

- Belə çıxır ki, risk etməyi sevirsiniz...

- Biznes dilində desək, risk düzgün hesablanırsa, artan risk artan gəlir deməkdir. Düzgün planlaşdırılmış və bütün risklərin nəzərə alınması ilə atılan addımları çox sevirəm. Gözübağlı, cari status və vaxta söykənən planlamalar təbiətimdən uzaqdır. 

- Moirai Reach İmmiqrasiya Konsaltinq Şirkəti Kanadada hansı işləri həyata keçirir?

- Kanadada biznes partyorumla birlikdə immiqrasiya şirkətini açdıq. Şirkətin həmtəsisçisi Ruslan İsmayılzadə immiqrasiya, qaçqınların müdafiəsi və təmsilçiliyi, həmçinin vətəndaşlıq hüququ ilə məşğul olur. Mənim rolum biznes immiqrasiyasıdır. Məsələn, elə xarici şirkət, təşkilat ola bilər ki, o biznes fəaliyyətini və məkanını Kanadanın böyük şəhərlərindən birində açmaq istəyər. Eləcə də özfəaliyyətlə məşğul olan "frilanslar" bazarını dəyişib Kanadaya köçmək istəyir. Yeni biznesmenlər də bu kateqoriyaya aiddir.  Bu cür fiziki və hüquqi şəxslərin bütün biznes transformasiyası, onların Kanadada hüquqi statuslarının formalaşması və bizneslərinin Kanadada açılması ilə məşğul oluram. Həqiqətən də çox maraqlı işdir. Qlobal bazar ilə işləmək çox fərqlidir. BƏƏ, Mərakeş, İtaliya, Rusiya, Macarıstan, Hindistan, Pakistan və Çin kimi ölkələrdən rəqabətə davamlı müştərilərimiz olub. Hazırda üç lisenziyalı agentimiz və iki agentliyimiz var, biri Torontoda, biri isə Heydərabaddadır (Hindistan). Birini isə tezliklə Dubayda (BƏƏ) açmağı planlaşdırırıq.

- Bu insanların immiqrasiyasını təmin edib onları Kanadaya yeni həyata başlamağa gətirirsiniz. İmmiqrantlar ölkəyə gələrkən uğurlu iş və münasibətlər qurmaq üçün nələrə riayət etməlidirlər?


Etiketlər:  Artan risk artan gəlir deməkdir Uğur hekayəsi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ