Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvardan qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlara qarşı nəzarət tədbirləri sərtləşdiriləcək

Yanvardan qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlara qarşı nəzarət tədbirləri sərtləşdiriləcək

Tarix: 24 Dekabr 2019 16:50

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərini əhatə etməklə qida obyektlərində sahibkarlar tərəfindən həyata keçirilən təsərrüfat fəaliyyətinin texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə həmin subyektləri qida təhlükəsizliyi qeydiyyatına alır.

Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı islahatların xüsusiyyətlərini və yaratdığı öhdəlikləri nəzərə alaraq keçid dövrü müəyyənləşdirilib və bu müddət ərzində sahibkarların qanunun tələbinə əməl olunması istiqamətində çoxsaylı maarifləndirici tədbirlər və çağırışlar edilib. Bu müddətdə qeydiyyatdan keçməyən sahibkarlar barədə zəruri məlumatlar toplanılıb, həmin sahibkarlara bir neçə dəfə bildirişlər təqdim olunub və müvafiq qaydada xəbərdarlıqlar olunub. Təəssüf ki, qida təhlükəsizliyi qeydiyyatının mahiyyəti, habelə əhəmiyyəti və üstünlükləri sahibkarlar tərəfindən düzgün qiymətləndirilmir və nəticədə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət nəzarətini və tənzimləməsini həyata keçirən vahid səlahiyyətli qurum - AQTA ilə əməkdaşlıqdan yayınma halları müşahidə olunur. Bu isə son nəticədə ölkədə qida təhlükəsizliyinin bərqərar olmasına, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən qida subyektləri üzərində dövlət nəzarətinin səmərəli şəkildə qurulmasına mənfi təsir göstərməklə ölkədə qida təhlükəsizliyi ilə bağlı əsaslı təhlükə formalaşdırır.

Agentlik qanunvericiliyin icrasını, eləcə də dövlət tərəfindən müəyyən edilən öhdəliklərin həyata keçirilməsini təmin etmək məqsədilə 2020-ci ilin yanvar ayından qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektləri üzərində nəzarəti daha da gücləndirəcək. Bu məqsədlə nəzarət yoxlama tədbirləri aparılacaq və aşkar olunacaq qeydiyyatsız müəssisələrin fəaliyyəti məhdudlaşdırılacaq. Eyni zamanda həmin müəssisələrin məhsulları dövriyyədən çıxarılacaq və qanunsuz fəaliyyətə görə inzibati tədbirlər görüləcək. Odur ki, sahibkarların qısa müddət ərzində qida təhlükəsizliyi qeydiyyatından keçmələri tələb olunur.

Qida təhlükəsizliyi qeydiyyatı ölkə daxilində qida sahəsində fəaliyyət göstərən, eləcə də xaricdə fəaliyyət göstərən və Azərbaycana qida məhsulları ixrac edən sahibkarlıq subyektləri üzərində nəzarət həyata keçirilməsi üçün aparılan qeydiyyat prosedurudur. Qeydiyyatdan keçmiş subyektlər qida təhlükəsizliyi reyestrinə daxil edilərək onlara "Qida təhlükəsizliyi reyestrindən çıxarış" təqdim edilir.


Etiketlər:  Yanvardan qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlara qarşı nəzarət tədbirləri sərtləşdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ