Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Səfəvi Şeyxi'' romanının elmi təqdimatı keçirilib - FOTO

''Səfəvi Şeyxi'' romanının elmi təqdimatı keçirilib - FOTO

Tarix: 26 Dekabr 2019 19:20

Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Səfəvi Şeyxi" romanının elmi təqdimatı keçirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, öncə kitabın redaktoru, yazıçı-publisist Elçin Hüseynbəyli Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Onun son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. "Səfəvi Şeyxi" tarixi romanının da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacağını vurğulayıb. Qeyd edib ki, Yunus Oğuz müasir dövrdə Azərbaycan tarixi romanının ən əsas yaradıcılarından biridir: "Müəllifin çoxlu sayda tarixi romanı var. Yunus Oğuzun tarixi romanlarında Azərbaycan dövlətçilik tarixi, Azərbaycan milli dövlətçilik təfəkkürü, azərbaycançılıq idealları ön mövqedə dayanır və əsas aparıcı xətti müəyyən edir. Müəllifin tarixi romanlarında tarix və bədii düşüncənin balansı doğru tapılmışdır. O tarixi reallığı, obyektivliyi qoruyub saxlamaq şərtilə bədii təfəkkür, bədii yanaşma, yazıçı mövqeyinə münasibəti ifadə edərək romanlarında tarixiliklə bədiiliyin yerini, rolunu münasib balansda apararaq son nəticədə onu bədii əsər kimi meydana qoymağı bacarır. Yunus Oğuzun obrazları tarixdəki missiyasına tamamilə uyğundur".

"Səfəvi Şeyxi" romanının ictimai əhəmiyyətindən danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, Yunus Oğuz yaradıcılığında Azərbaycan tarixinin müxtəlif dövrlərinə müraciət edib. "Atilla"dan başlayaraq Teymur Ləng, Çingiz xandan da yazıb. Hətta Azərbaycan tarixindən kənara da çıxaraq bütün türk dünyasının tarixinə müraciət edir: "Amma Azərbaycan tarixinə aid olan əsərləri bizim tarixin ən mühüm dövrlərini əhatə edir, o cümlədən səfəvilər dövrünə. Məlum olduğu kimi səfəvilər dövrü Azərbaycan tarixində özəl yeri olan bir dövrdür. O Səfəvilər dövlətini dünyaya Azərbaycan dövləti kimi təqdim edir.Bunun da tarixi və elmi əsası var". Tədbirə çıxış edən natiqlər Yunus Oğuzun əsərlərində Azərbaycan tarixinin vacib dövrlərinin işıqlandırıldığını və indiyə qədər gizli qalan məqamların açıldığını qeyd ediblər. Bildirilib ki, Yunus Oğuzun tarixi romanlar silsiləsində, həm də tarixçi alim sözü yer alıb və o əsasən tarixi janrda qələm işlədir, romanlarında milli türk tarixinin ən müxtəlif əyyamlarına baş vurmaqla oxucunun və təkrarən tarixin bumeranqını hədəf seçir. "Atilla", "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur zirvəyə doğru", "Əmir Teymur dünyanın hakimi", "Alp Arslan", "Atabəy Eldəniz" və.s romanları buna misal olaraq göstərilib.


Etiketlər:  Səfəvi Şeyxi romanının elmi təqdimatı keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ