Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 16:10
Şirvan şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, dekabrın 27-də Şirvan şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib. Açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun icraçı direktoru Mahir Abbaszadə və Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov iştirak ediblər.
Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 107-ci qəsəbədir.
Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüş zamanı bildirib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə, inşa edilmiş qəsəbələrdə 500 mindən çox məcburi köçkün ailəsi məskunlaşıb. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımıza xüsusi diqqət və qayğı göstərir, onların təhsil, səhiyyə kimi problemlərinin həllinə həssaslıqla yanaşır.