Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 18:30
2019-cu il ərzində Azərbaycanda fəaliyyət göstərən özəl yayımçılar tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına da yol verilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-cu il üzrə hesabatında bildirilir ki, televiziya kanallarının yayım zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun daha çox 35.2 (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır) və 35.7-ci (Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib.
Müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları mövcud olub. Belə ki, xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların (Xəzər TV, ATV, Lider TV, ARB) xəbər buraxılışlarında rast gəlinib.
Aparılmış monitorinqlərdə reklamın 1 saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (Sponsor və sponsor reklamı) tələblərinin pozulması halları diqqəti cəlb etmişdir. Xüsusən seriallarda, sponsor reklamlarında ciddi nöqsanlar var. Bəzən hətta sponsorlar serialın süjet xəttinə də daxil edilir və serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur.