Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 21:00
Son 70 ildə Samur-Abşeron Xəzərsahili düzənliyin bütöv ərazisi üzrə antropogen amillərlə həddən çox yüklənməsi və insanın qeyri-səmərəli təsərrüfat fəaliyyəti nəticəsində torpaqların deqradasiyasında dərinləşmə və genişlənmə prosesi gedir.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Sonxeber.net-a verilən məlumata görə, hazırda baş verən qlobal istiləşmə fonunda Böyük Qafqazın Azərbaycan daxilində dağ buzlaq sahələrinin kiçilməsi nəticəsinə əsaslanılsa, şimal-şərq yamacda hidroloji şəraitin pisləşməsi qənaətinə gəlmək olar. Bu da yaxın gələcəkdə ərazidə deqradasiyanın dağlıq ərazilərə doğru genişlənəcəyini proqnozlaşdırmağa imkan verəcək.
Tədqiqatların nəticəsinə görə, Samur-Abşeron arası Xəzərsahili düzənliyin torpaq örtüyünün 97,5 %-i (Yalama meşələrinin şimal hissəsi çıxılmaq şərtilə) səhralaşma prosesi fonunda müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb. Bunların da 250,472 hektarı (ümumi ərazinin 61,4 %-i) şiddətli və çox şiddətli, 129,5943 hektarı (ümumi ərazinin 31,3 %-i) mülayim, 20911,00 hektarı (ümumi ərazinin 4,8 %-i) zəif deqradasiya sinfinə aiddir.
Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya məruz qoyan təbii amillər yüksək yay temperaturu ilə xarakterizə olunan ekstremal iqlim şəraiti, az miqdarda düşən intensiv yağıntı, yüksək buxarlanma qabiliyyəti, sürətli küləklər, su eroziyasının inkişafı nəticəsində relyefin kəskin parçalanması, xarici neqativ təsirlərdən torpaq örtüyünün struktur pozulması, qrunt sularının sürətli minerallaşmasıdır.
Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya məruz qoyan antropogen amillər dağlıq bölgələrdən düzənliyə əhalinin miqrasiyası ilə bağlı örüş və otlaq sahələrinin azalması və vahid əraziyə düşən yüklənmənin çoxalması, yay mövsümündə terraslarda ot örtüyünün yandırılması, torpaqların suvarılması zamanı mütərəqqi texnoloji üsullardan istifadə edilməməsi, ətraf torpaq sahələrini mütəhərrik qum tufanlarından və eroziyadan qorumaq üçün mübarizə tədbirlərinin tətbiq olunmaması, torpaqların texnogen təsirlərə (neft hasilatı, daş karxanaları, sənaye-seliteb komplekslər, yol-nəqliyyat şəbəkəsinin genişlənməsi və s.) məruz qalmasıdır.
Tədqiqata görə, Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarda səhralaşmanı sürətləndirən əsas proses bilavasitə insanın təsərrüfat fəaliyyəti ilə bağlıdır. Bu proseslərə bitki örtüyünün deqradasiyası, su eroziyası, külək eroziyası, suvarılan torpaqların təkrar şorlaşması daxildir. Bu proseslər çox mürəkkəb olub, müxtəlif kombinasiyaların yaranmasında özünü göstərir. Ona görə də bu proseslərin təsiri aradan qaldırılmalıdır.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet