Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 12:10
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbolunda danışılmış oyunlara görə həyata keçirilən həbslərə münasibət bildirib.
Qol.az xəbər verir ki, bu gün jurnalistlərə açıqlamasında qurumun rəsmisi deyib ki, bu hadisələrə görə çox sayda şəxs futboldan kənarlaşdırılıb.
“Ancaq futboldan kənar adamlar da var. Onlarla bağlı məsələlərlə müvafiq orqanlar məşğul olur. Bəzi klublarda işləyən nümayəndələrimizə “çox sağ ol” demək istərdim. Futbolçular bizə məxfi şəkildə məlumat verirlər. İki il əvvəl hesabat konfransında bu məsələləri başlatdıq. Biz onlara məxfi nömrə vermişdik. Onlar da artıq bizlə əlaqə qururlar. AFFA-nın prezidenti də bildirib ki, bu məsələləri aradan qaldıracağıq. Hazırda dünya futbolunun ən böyük təhdidi danışılmış oyunlardır. Biz də aktiv fəaliyyətlə məşğul oluruq. İstintaq gedir, tam açıb deyə bilmərəm. Adlar, tanınmış insanlar olacaq. Qorxulu odur ki, digər idman növlərinin nümayəndələri də bu məsələlərdə saxlanılıb. Futbolla bağlı olmayan adamlardır. Məhdudiyyət yoxdur. Biz bu “virus”u məhv etməliyik”.
E.Məmmədov bildirib ki, digər idman növlərinin nümayəndələri futbola qarışaraq, danışılmış oyunlarda iştirak edir: “Hər kəsi araşdırırıq. Milli komandaları da. Bilə-bilə şər atmaq olmaz. Bu, istintaq prosesinə əngəl olur. Sağlam tənqid qəbul edilir, ancaq yalan, süni tənqid yox. Mübarizəmizi davam etdiririk”.