Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2019 02:05
Bakı. Trend:
Azərbaycan Xalça Muzeyi tərəfindən “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin əsas ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajında düzəlişlər həyata keçirilib. Belə ki, eksponatlar barədə qeyd olunan məlumatlarda xalçaların istehsal olunduğu məkan kimi Azərbaycan göstərilir.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu düzəlişə qədər Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində ölkəmizə aid eksponatların istehsal yeri kimi Azərbaycan qeyd olunmayıb. Bununla əlaqədar Azərbaycan Xalça Muzeyi tərəfindən Şərq Xalqları Muzeyinin rəhbərliyinə dəfələrlə müraciət edilib.
Daha sonra konstruktiv danışıqlar nəticəsində muzeylər arasında qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələri qurulub. Bu əməkdaşlıq nəticəsində ilk olaraq cari ilin aprel-may aylarında adıçəkilən muzeylərin birgə təşkilatçılığı ilə “Məkanın harmoniyası. Azərbaycan ənənəvi incəsənəti” adlı sərgi keçirilib. Sərgidə hər iki muzeyin kolleksiyalarından Azərbaycan inciləri, o cümlədən Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin ilk eksponatı olan Azərbaycan XIX əsrə aid ölkəmizin dilbər guşəsi Qarabağda toxunan “Bəhmənli”xalçası da təqdim olunub.
Həmçinin Azərbaycan Xalça Muzeyi tərəfindən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid otuza yaxın eksponatın, o cümlədən, xalça və xalça məmulatı, mis qab və bədii tikmə nümunələrinin elmi atribusiyası aparılıb. Yenilənmiş informasiya bu muzeyin məlumat bazasına artıq əlavə olunub.
Sözügedən muzey Rusiyanın böyük, məşhur və ən çox ziyarət olunan mədəniyyət ocağlarından biridir. Burada Azərbaycan sənətkarları tərəfindən yaradılan mükəmməl dekorativ-tətbiqi sənət nümunələri saxlanılır və daimi ekspozisiyada uğurla sərgilənir.