Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həsən Ruhani: Günahkarlar cəzalandırılmalıdır

Həsən Ruhani: Günahkarlar cəzalandırılmalıdır

Tarix: 11 Yanvar 2020 09:28

Bakı. Elnur Bağışov - Trend:

İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında səhvən vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinə görə günahkarlar cəzalandırılmalıdır.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani hadisə ilə bağlı verdiyi bəyanatda deyib.

H.Ruhani bildirib ki, bu faciənin bütün səbəbkarlarını müəyyənləşdirməklə əlaqədar araşdırmalar davam etməli və onun nəticəsi İran xalqı, eləcə də hadisə qurbanlarının ailələrinə açıqlanmalıdır.

İran prezidenti əlavə edib ki, İranın havadan müdafiə sistemlərinin zəif cəhətlərinin araşdırılması ilə əlaqədar lazımi addımlar atılmalıdır ki, bir daha belə faciə təkrarlanmasın.

Ruhani İran Xarici İşlər Nazirliyinə meyitlərin müəyyənləşməsi və ailələrinə qaytarılması üçün tam şəkildə əməkdaşlıq etməsi ilə bağlı göstəriş verib.

İranın dövlət başçısı baş verən faciəvi hadisə ilə əlaqədar həlak olanların ailələrinə başsağlığı verib və onların dərdinə şərik çıxıb.

Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 heyət üzvü olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.


Etiketlər:  Həsən Ruhani Günahkarlar cəzalandırılmalıdır


RƏYLƏR