Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 19:46
Dövlət İmtahan Mərkəzi 8 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edib.
Mərkəzdən Sonxeber.net-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 15-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 9-u B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyinin Neft-qaz şöbəsində şöbə müdiri, inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Diasporla İş üzrə Dövlət Komitəsinin Maliyyə və təminat şöbəsində şöbə müdiri vəzifələridir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 10, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 4, Energetika Nazirliyində 3, Kəlbəcər Rayon Məhkəməsində 2, Maliyyə Nazirliyində 2, Diasporla İş üzrə Dövlət Komitəsində 1, Kənd Təsərrüfatı Nazirliyində 1, Məhkəmə-Hüquq Şurasında 1 vəzifə olmaqla 24 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 3-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.