Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakıda yeganə yunan mənəm'' - ''Neftçi''nin legioneri

''Bakıda yeganə yunan mənəm'' - ''Neftçi''nin legioneri

Tarix: 16 May 2019 15:08

"Neftçi"nin qış transfer pəncərəsində heyətinə qatdığı yunanıstanlı yarımmüdafiəçi Evangelos Platellas ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, 30 yaşlı futbolçu əvvəlcə Bakı klubuna keçidindən danışıb.

- Düzdür, mən heç vaxt Yunanıstanı tərk etmədiyim üçün bu barədə ciddi düşünmürdüm. Azərbaycan çempionatı yaxşıdır, son vaxtlar səviyyə artıb. Futbol oynamaq üçün yaxşı şərait var. Azarkeşlər hər zaman komandanın yanında olurlar, sənə hörmət edirlər. Nə meydanda, nə də ondan kənarda problemimiz var. Hər şey vaxtında həll olunur və saat kimi işləyir. Son 6-7 ildə çempionluq qazandığına görə əksəriyyət "Qarabağ"ı tanıyır. Ancaq ölkənin ən tarixi klubu "Neftçi"dir.

- Yunanıstandan kənara çıxdığınız üçün özünüzə haqq qazandırırsınız?

- Ölkə xaricində oynamaq mənə əlavə motivasiya verdi. Buna görə peşman deyiləm. Mənim üçün bu addımı atmaq vacib idi. Düşüünrəm ki, məndə hər şey alındı. Sakit həyat tərzi üçün daha bir neçə ilə orada qalmaq istəyərəm.

- "Neftçi" Avropa Liqasının təsnifat mərhələsində "Aris"lə qarşılaşa bilər...

- Hə, eşitdiyimə görə, belə bir şans var. Salonikiyə gəlmək istəyərəm, ancaq düşmən yox, rəqib kimi. 2 ilə yaxındır ki, "Aris"i tərk etmişəm. Amma ora mənim çox xoşuma gəlirdi. Əgər Avroliqada onlarla düşsək, bu, adi səfər olmaz.

- "Neftçi"nin düşərgəsinə nə vaxt qayıdacaqsınız?

- 25 gündən sonra hazırlıqlara başlayacağıq. "Neftçi" ilə müqaviləm var. Tətil elə də uzun deyil. Nə etmək olar, bu da bizim işimizdir və vacibdir. Düşünürəm ki, Salonikidən sonra yaxşı şəhərə getmişəm. Orada bizi sevən insanlar var. Bu, yaxşıdır.

- Azərbaycandakı həyat tərzinə uyğunlaşa bilmisiniz?

- Bakı yaxşı şəhərdir. Sanki kiçik Dubaydır. Ora gedən hər kəs fərqli nəsə görür. Şəhərə xeyli investisiya qoyulub. Hələ də tikintisi bitməyən hündürmərtəbəli binalar var. Müasir şəhərdir, neft və qaz çıxır. Dənizin sahilində yerləşir. Açığı, daha çətin adaptasiya gözləyirdim. Çünki kiçik Salonikidən kənara çıxmamışdım. Bakıda çoxlu avropalı, xüsusilə də ispan və fransız yaşayır. Yeganə yunan isə mənəm.

- Gələcəkdə Yunanıstan millisindən dəvət gözləyirsiniz?

- Hər bir futbolçu üçün milli komandanın formasını geyinmək önəmlidir. Çünki ölkəni təmsil edirsən. Bu, hamı kimi, mənim üçün də şərəf olar.

 


Etiketlər:  Bakıda yeganə yunan mənəm Neftçinin legioneri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ