Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sumqayıt''ın baş məşqçisindən polisə şikayət

''Sumqayıt''ın baş məşqçisindən polisə şikayət

Tarix: 17 Yanvar 2020 19:32

"Sumqayıt"ın U-12 komandasının baş məşqçisi Rəşad Muradovdan polisə şikayət edilib.

Sonxeber.net xəbər verir ki, bu barədə fanat.az-a kluba yaxın mənbədən məlumat verilib.
 
Məlumata görə, şikayətdə baş məşqçinin H.H adlı futbolçunu (yetkinlik yaşına çatmadığı üçün uşağın adını tam yazmırıq - red.) təhqir etdiyi bildirilib. Uşağın dediyinə görə, Rəşad Muradov komanda yoldaşlarının yanında ona "zəif", "fərsiz", "bacarıqsız" deyərək aşağılayıb. Onun valideyni də bu iddia ilə polisə üz tutub. 

Bundan sonra Rəşad Muradov Polis İdarəsinə çağırılıb. Faktla bağlı araşdırma aparılır. 

Baş məşqçinin artıq bir neçə gündür ki, komandaya məşq keçmədiyi bildirilir.
Məsələ ilə bağlı "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova müraciət etdik. Klub rəsmisi baş məşqçi ilə bağlı polisə müraciət edildiyini təsdiq etsə də, gənc futbolçunun təhqir olunmasını təkzib etdi: 

"Akademiyalarda valideyn klub məsələsi uşaq futbolunun başlıca problemlərindəndir. Qeyd etdiyiniz məsələ həddindən artıq şişirdilib. Bəli, akademiyamızın U-12 komandasının futbolçusu ilə bağlı belə bir insident yaşanıb. Valideyn dəfələrlə klubun ofisinə gələrək məşqçilərimizlə xoşagəlməz tonda danışıb, onları təhqir edib. Səbəb kimi isə uşağının güclü olduğunu, amma ona qarşı haqsızlıq edildiyini göstərib. Normal bir məntiq var. Sizcə hansı məşqçi güclü olan futbolçunu oynatmaz? Həmin uşaq neçə ildir ki, bizim akademiyanın üzvüdür, oyunlarda və məşqlərdə iştirak edir. Sadəcə valideyn uşağının bütün oyunlarda tam oynamaması səbəbindən bu problemi ortaya atıb. Dəfələrlə ona uşağının az oynaması ilə bağlı izahat da verilib. Məşqçilərin qərarına əsasən isə qış transferi dövründə futbolçunun müqaviləsinə xitam verilib. Valideyn normal şəkildə gələrək oğlunun azad transfer vərəqini klubdan alıb. Yəqin ki, bundan sonra məşqçinin uşağını təhqir etməsini bildirərək şikayətçi olub. Halbuki, akademiyamızda belə şeyin olması mümkün deyil".


Etiketlər:  Sumqayıtın baş məşqçisindən polisə şikayət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ