Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 20:52
Bakı. Trend:
Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının ilk iclası keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, iclasda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov və Himayəçilər Şurasının üzvləri iştirak edib.
C.Bayramov elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəldilməsi, ona əlavə dəstək verilməsi məqsədi ilə yaradılan Himayəçilər Şurasının fəaliyyət istiqamətləri barədə məlumat verib.
C.Bayramov universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı olan və ali təhsil müəssisəsinin inkişafına yardım edən Himayəçilər Şurasının ictimai əsaslarla fəaliyyət göstərdiyini bildirib. Nazir qeyd edib ki, Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və Nizamnamə ilə müəyyən edilir.
Nazir bu təhsil müəssisəsində tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılacağını diqqətə çatdırıb. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.
Himayəçilər Şurasının üzvləri öz növbəsində gələcək fəaliyyətə dair fikirlərini bildirib və təkliflərlə çıxış ediblər.
Sonra BDU-nun rektoru Elçin Babayev universitetin 100 illik yubileyinin keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Himayəçilər Şurası universitetin qanuni fəaliyyətinin həyata keçirilməsində, ali təhsil müəssisəsinin inkişafına mane olan aktual problemləri həll etməkdə köməklik göstərəcək. Bundan başqa, universitetdə təhsil xidmətlərinin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, universitetin tədqiqat və təhsil, mədəni və intellektual mərkəz kimi inkişafına dəstək verilməsi, ali təhsil müəssisəsinin dövlət, ictimai və biznes strukturları ilə əməkdaşlığının təşviq edilməsi Şuranın səlahiyyətlərinə daxildir.
Şura beynəlxalq təhsil, elmi, texniki və mədəni əməkdaşlığın inkişafına yardım etməklə yanaşı, təhsil müəssisəsinə büdcədənkənar vəsaitlərin cəlbi və universitetin infrastrukturunun inkişafı, maddi-texniki bazasına dəstək verilməsi funksiyalarını da həyata keçirəcək.
Xatırladaq ki, Himayəçilər Şurasının tərkibinə təhsil naziri Ceyhun Bayramov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, xalq yazıçısı Elçin Əfəndiyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və “BP” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli daxildir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin