Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 22:20
2019-cu ilin başlanğıcında Emiliano Salanın ölümü dünyanı sarsıtmışdısa, 2020-ci ilin əvvəlində Kobi Brayantın həlak olması ilə idman aləmi yasa qərq oldu.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Sala təyyarə, Kobi isə helikopter qəzasında dünyasını dəyişdi. NBA (Milli Basketbol Assosiasiyası) tarixinin gəlmiş-keçmiş ən güclü basketbolçusu sayılırdı Kobi. Daha çox ləqəbi ilə tanınırdı. Ona "Qara Mamba" ləqəbi isə boyuna və təhlükəli olduğu üçün verilmişdi ("Qara Mamba" Afrika meşələrində çox rast gəlinən ilandır. Ən sürətli və təhlükəli ilanlardan biridir. İnsanı zəhərləsə, ölüm qaçınılmazdır).
O, basketbol oynamağa başlayanda həmişə iki şeyi özü üçün təkrar edərdi: iddia və özünəinam. Bunlar Kobinin idman karyerasının özəyini təşkil edirdi. Brayant hələ karyerasının əvvəllərində idi. Kobinin hədəfi ən yaxşı olmaq idi. Özü də daim bildirirdi ki, əfsanəvi Maykl Cordan da çox iş görmək istəyir. Üzərində tətbiq etdiyi ağır məşqlər də bunun sübutu idi. Kobi deyirdi ki, insan özünə başqalarından daha çox inanmalıdır. Maykl Cordan da Kobinin özü ilə müqayisə oluna biləcək yeganə basketbolçu olduğunu demişdi: "Brayant mənimlə müqayisə ediləcək tək oyunçudur. O, böyük zəhmətlə bu səviyyəyə gəlib".
Brayant 1978-ci il avqustun 23-də Filadelfiyada dünyaya gəlib. Valideynləri onun adını bir restoranın menyusundan seçiblər. Yaponiyalıların "Kobe əti" onun adının bu cür seçilməsinə gətirib çıxarıb. O, İtaliyada böyüdüyü üçün futbola çox yaxın birisi olub. Bu səbəbdən hər zaman ayaqqabılarını da futbola uyğun olaraq alarmış.
Futbol oynadığı müddətdə ən çox etdiyi şey isə formasını dişləmək idi. Maykl Cordan hər zaman dil çıxarmağı ilə tanınırdısa, Brayant da forma dişləməsi ilə məşhur idi.
Futbol oynamağa başlayarkən qapıçı olmuşdu. Bunun səbəbi isə boyunun çox uzun olması idi. Onu tanıyanlar deyir ki, əgər Brayant basketbolçu olmasaydı, bu gün dünyanın əfsanəvi qolkiperlərindən biri ola bilərdi.
Kobi məktəbdən birbaşa NBA-ya gələn ilk oyunçu deyildi, amma keşikçi olaraq yeganə basketbolçudur. O, 1996-cı ildə "Şarlott Hornets" klubu tərəfindən seçilərək əsas komandaya cəlb edilmişdi.
2002-ci ildə Nyu-Yorkdakı Ruker Parkda küçə basketbolçularına qarşı oynadığı matçda ona ləqəb verildi. Yaşadığı çempionluqlar səbəbilə "Üç üzük" ("Three Rings") adlandırıldı. Onun atası keçmiş basketbolçu idi. Joe Brayant sürəti səbəbi ilə "Jellybean" ləqəbi ilə tanınırdı. Bu səbəbdən Kobiyə doğularkən Bean adı qoyulur.
Məşhur müğənni Beyonsla aralarında eşq münasibətləri olduğuna dair uzun müddət mediada məlumatlar yayılmışdı. Lakin bu xəbərlər elə şayiə olaraq tarixdə qalmışdı. Amma dəfələrlə onu Beyonsun konsertləri zamanı soyunub-geyinmə otağında görənlər olmuşdu.
Məktəb vaxtlarında basketbol liqasında 23 nömrəli formanı geyən Kobi sonralar atasının da geyindiyi 33 nömrəli mayka ilə çıxış edirdi. "Leykers"ə gələrkən o nömrəni seçə bilmədi. Çünki Karem Abdul-Cabbara aid olan həmin forma əbədiləşdirilmişdi. 24 nömrə ilə oynamağa başladı.
İlk dəfə atasına 16 yaşında qalib gəlib. Bununla bağlı açıqlamasında "həqiqətən çox çətin bir matç oldu. Mənə qarşı fiziki gücünü istifadə etməkdən çəkinmədi. Hətta dodağımı əzəcək qədər oldu" demişdi.
İtalyan dilini mükəmməl bilirdi. Çünki atası İtaliyada basketbol oynamışdı və Brayant orada yaşamışdı.
Əfsanəvi idman ustası, aktyor Brüs Linin heyranlarından biri idi. Hətta onunla bağlı çəkilən sənədli filmdə də yer almışdı. 2010-cu ildə Asiyada gəzintiyə çıxarkən gücünü saxlamaq üçün Brus Linin məşq metodlarından istifadə edirdi.
Kobi basketbolla yanaşı futbolla da çox maraqlanırdı. İtaliyada "Milan"a azarkeşlik edirdi. O, İtaliyada yaşayarkən "Milan" iki dəfə Çempionlar Liqasını, iki dəfə İtaliya kubokunu və bir dəfə Seria A-nı qazanmışdı.
Bir gün təlim-məşq toplanışında komanda yoldaşı Alvin Uliyamsa rep deyəcəyini bildirir. Komanda yoldaşı ona inanmır və edə bilməyəcəyini deyir. Bundan sonra Kobi onun üçün 15 dəqiqə rep söyləyir.
Brayant kumiri kimi həmişə Maykl Dantonini görürdü. Məhz "Leykers"ə gəldikdən sonra Dantonini onun baş məşqçisi olmuşdu. NBA-da meydana çıxdığı zaman çempionatın ən gənc oyunçusu kimi tarixə düşmüşdü.
Brayant 2012-ci ildə Olimpiya Oyunları öncəsində məşqçisi ilə birlikdə saat 04:00-da məşqə başladı. 75 dəqiqəlik zərbə atışlarından sonra məşqçi gedir və səhər 11:00-da qayıdarkən Kobenin hələ də məşq etdiyini görür. O, 7 saat idi ki, məşqdə idi.
Kobi "Leykers"də 8 nömrə ilə oynamağa başlamışdı. Səbəb isə kumiri Maykl Dantoninin 8 nömrə geyinməsi idi. 2006-cı ildə isə 24 nömrəyə keçdi.
Kobi NBA-nın ən eqoist oyunçularından biri idi. O, açıqlamalarında eqoistliyin bəzən insana xeyir verdiyini bildirirdi.
1998-ci ildə ilk dəfə "All Star" olan əfsanə 18 il davamlı orada qala bilib. Son ilində bu nailiyyətə yüksələn nadir oyunçulardan biri idi. Kobi Bob Petitlə birlikdə ən çox (4) All Star MVP-si (Ən dəyərli oyunçu) olan oyunçu idi.
Kobi Brayant 2001-ci ildə Vanessa Laine ilə ailə həyatı qurub. 2011-ci ildə fikir ayrılıqlarını əsas gətirərək boşanma üçün məhkəməyə müraciət etmişdilər. Lakin buna baxmayaraq qızları üçün birlikdə yaşamaq qərarı alırlar. 2013-cü ildə isə boşanma qərarından imtina etdiklərini sosial media vasitəsilə bəyan edirlər.
Kobi 4 qız atası idi. Böyük qızı Nataliyanın 17, ikinci qızı Ciannanın (helikopter qəzasında o da həlak olub) 13, 3-cü qızı Biankanın 2 yaşı var. Ən kiçik qızı isə 7 aylıqdır, adı isə Kapridir.
Brayant ən çox ikinci qızı olan Cianna ilə vaxt keçirərdi. Çünki Ciannanın basketbola marağı var idi və qadın basketbolunun gələcək ulduzu kimi göstərilirdi. Brayant onun haqqında bu sözləri demişdi: "Küçədə məni görənlər kaş ki, bir oğlun olsaydı deyirdilər, çünki sənin mirasına sahib çıxıb yolunu davam etdirərdi. Cianna onlara cavabında "mən burdayam, davam etdirəcəm" deyirdi. Həqiqətən də o, mənim davamçımdır".