Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda seçkilərin ''qapalı'' və ya ''cəmiyyətdən xəbərsiz'' aparıldığı kimi rəylər qərəzlidir - Aydın Quliyev

Naxçıvanda seçkilərin ''qapalı'' və ya ''cəmiyyətdən xəbərsiz'' aparıldığı kimi rəylər qərəzlidir - Aydın Quliyev

Tarix: 28 Yanvar 2020 13:52

Bakı. Samir Əli - Trend:

Azərbaycanda vahid seçki qanunvericiliyi əsasında seçki prosesi getdiyi üçün həm Milli Məclisə, həm də Naxçıvan Ali Məclisinə seçkilər eyni prosesin prinsipcə bir-birindən fərqlənməyən tərkib hissələridir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, son vaxtlar bəzi siyasi dairələrin Milli Məclis və Naxçıvan Ali Məclisinə seçkiləri bir-birindən fərqli təqdim etmək cəhdləri qərəzlidir və prosesin vahid mahiyyətinə uyğun deyil: "Ümumi seçki prosesinin çoxpartiyalı və plüral mahiyyətini ölkənin hər iki parlamentinə seçkilərdə görmək mümkündür. Milli Məclisə və Naxçıvan Ali Məclisinə keçirilən seçkilərin hər ikisinin ölkənin parlamentarizm praktikasında rolu və əhəmiyyəti var.

Bəzi siyasi dairələrin Naxçıvanda seçkilərin "qapalı" və ya "cəmiyyətdən xəbərsiz" aparıldığı kimi rəyləri siyasi qərəz xaraktetlidir və Azərbaycanda vahid seçki prosesinə ziddiyyətli münasibətlər formalaşdırmaq cəhdindən başqa bir şey deyil. Bütün dünyanın, hətta təcavüz siyasətini davam etdirən Ermənistanın Azərbaycanda seçkiyə az qala "lupa altında" baxdığı bir şəraitdə seçkilərə kölgə salmaq cəhdlərinin bütün formaları yolverilməzdir. Bu gün Ermənistan Azərbaycandakı seçkilərin beynəlxalq standartlara uyğun olmadığını dünya rəyinə çevirmək üçün hər şey edir. Məqsəd Ermənistan parlamentarizm ənənələrinin beynəlxalq standartlara daha çox uyğun olduğunu, Azərbaycanda isə guya tam fərqli standartların mövcudluğunu göstərməkdir. Belə bir şəraitdə Milli Məclisə və Naxçıvanda Ali Məclisə seçkilərin gedişinə şübhələr yaratmaq səyləri ümummilli və dövlətçilik mənafelərimizə uyğun olmayan mövqelər kimi təzahür edir".

Ekspert vurğulayıb ki, məlum dairələrin Naxçıvandakı seçkilərə "qapalı" yarlıq vurmaq cəhdləri təsadüf deyil: "Məsələ burasındadır ki, Milli Məclisə keçiriləcək seçkinin indiyə qədərki bir neçə mərhələsi ciddi beynəlxalq və daxili tənqidlərin olmadığı səviyyədə keçirilib. Bu seçkinin yekun nəticələrini də ciddi fikir ayrılıqları olmadan bütün müşahidəçi tərəflərin anlayışla qarşılayacağına şübhə edilmir. Ona görə də məlum dairələr Naxçıvandakı seçkilərə bəzi adekvat olmayan yarlıqlar vurmaqla Milli Məclis seçkiləri ilə bağlı uğursuz taktikalarını bu müstəvidə reallaşdırmaq istəyirlər. Başqa sözlə desək, Naxçıvanın nisbətən uzaq və Azərbaycanın əsas hissəsindən təcrid vəziyyətində olması oradakı prosesləri hər cür rənglə göstərməyin mümkünlüyü barədə əsassız ümidlər yaradır.

Naxçıvanın spesifik coğrafi xüsusiyyətləri əsasında seçki prosesinə uyğun olmayan qiymət vermək taktikası perspektivsizdir. Azərbaycanın Milli Məclisinə seçki necə gedirsə, Naxçıvan Ali Məclisinə seçkilər də o cür gedir. Burada sadəcə müəyyən qanuni texniki prosedur fərqləri var, qrafik fərqləri isə heç bir həlledici rol oynamır. Odur ki, Naxçıvandakı seçkilərə qaralayıcı münasibətlər Milli Məclis seçkilərinə qərəzli yanaşmaların davamı və tərkib hissəsidir".

Xatırladaq ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bəzi internet saytları Naxçıvan Ali Məclisinə keçirilən seçkilərin guya "gizli" aparıldığını yazır. Lakin qanununvericiliyə görə, Naxçıvan Ali Məclisinə namizədliyini irəli sürmüş şəxslər təbliğat-təşiqat mərhələsinin bitməsinə 10 gün qalmış bu prosesi apara bilərlər. Ona görə də bu gündən Naxçıvan Ali Məclisinə seçilməyə iddialı olan namizədlər öz təbliğatlarına start veriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Naxçıvanda seçkilərin qapalı cəmiyyətdən xəbərsiz aparıldığı kimi rəylər qərəzlidir Aydın Quliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ