Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 21:28
Yanvarın 28-də Azərbaycan Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin məlumatına görə, müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.
Müşavirənin yekununda aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edilib:
- sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;
- Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;
- xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;
- səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;
- virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;
- vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.
Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.
"Hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur," Nazirlər Kabineti bildirir.
Səhiyyə NazirliyiYanvarın 28-də Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev "Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb.
Səhiyyə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.
"Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrinin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb."
Eyni zamanda əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədi ilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb.
Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, koronovirus riski ilə bağlı Bakıda və regionlarda xəstəxanalarda ayrıca palatalar hazırlanıb.
Səhiyyə Nazirliyi ölkədə koronovirusa yoluxma halının hələ qeydə alınmadığını bildirib.
Xarici İşlər NazirliyiSonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Çində mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.
Azərbaycanın Çindəki Səfirliyində "koronavirus"la bağlı qaynar xətt yaradılıb (Tel: +8615624959899).
Xarici İşlər Nazirliyinin xəbərdarlığında deyilir ki, Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmaları, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur.
"Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çinin müvafiq səhiyyə qurumlarına və Azərbaycanın Çinin Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur," xəbərdarlıqda deyilir.
Müstəqil mənbələr hazırda Çində çoxsaylı Azərbaycan vətəndaşının olduğunu bildirir.
Əkrəm ZeynallıAzərbaycanın təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, Çində 500 nəfərə yaxın azərbaycanlı tələbə var.
Öz növbəsində, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı yerli televiziyaya deyib ki, hazırda karantin elan edilmiş Uhan şəhərində 7 Azərbaycan vətəndaşı qalıb. Onlardan 4-ü tələbədir.
"Uhanda qalan vətəndaşlarımızla daimi telefon əlaqəsi saxlanılır. Onların çıxarılması üçün Çin hökuməti ilə danışıqlar aparırıq. Amma Çin hökuməti hələ karantin zonasından insanların çıxarılmasını məqbul saymır. Uhanda insanların küçəyə çıxması, təmasda olması qadağan edilib. Yataqxanada qalan tələbələr universitetlər tərəfindən, evlərdə qalan vətəndaşlarımız isə yerli bələdiyyə tərəfindən ərzaqla, tələbat malları ilə təmin edilir. Səhhətləri nəzarət altındadır," səfir yerli televiziyada canlı bağlantıda qeyd edib.
"Boeing 787-8" Dreamliner (Foto AZAL-ın rəsmi saytından götürülüb )Azərbaycan Hava Yolları-AZAL Qapalı Səhmdar Cəmiyyəti Bakı-Pekin-Bakı reyslərini martın 8-dək dayandırdığını bildirib.
"Fevral ayından Çinin paytaxtına uçuşlar dayandırılacaq və martın 8-dən bərpa ediləcək", AZAL-n mətbuat xidməti bildirib.
Ölkəyə gələn bütün təyyarələrin sərnişinləri risklərə qarşı yoxlanılır.
Azərbaycanın gömrük-keçid məntəqələrində ölkəyə daxil olan bütün insanların bədən hərarəti yoxlanılır. Şübhə doğuran şəxslər əlavə tibbi müayinəyə cəlb edilir. Gömrük-keçid məntəqələrində dezinfeksiyalar aparılır, bütün əməkdaşlar maskalarla təmin edilib.
Ukrayna-Gürcüstan-Azərbaycan-Çin tranzitiÇində xəstəliyin baş qaldırması Azərbaycan bazarlarına da təsirsiz ötüşməyəcək. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanın Çinlə illik ticarət dövriyyəsi 1.310247 min ABŞ dolları təşkil edib. Bunun 1.196673,5 min dollarını idxal təşkil edib. İdxal olunan məhsular isə əsas və mühüm növ müxtəlif çeşidli mallardır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması barədə qərar verib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.