Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 00:46
Stokholm Beynəlxalq Dünya Problemlərinin Araşdırılması İnstitutunun (SIPRI) yeni tədqiqatı göstərir ki, Çin silah istehsalı sahəsində Rusiyanı geridə qoyaraq, bu göstərici üzrə ABŞ-dan sonra dünyada ikinci yeri tutub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yeni tədqiqat hazırda Çin şirkətləri tərəfindən silah istehsalının geniş mənzərəsini təqdim edib.
SIPRI-nin 2015-2017-ci illər üçün əldə etdiyi informasiyada Çinin iri silah şirkətləri tərəfindən istehsal olunmuş silahlar barədə məlumat təqdim olunub. Araşdırmada barəsində dürüst maliyyə informasiyası verilən dörd şirkət nəzərdən keçirilib. Şirkətlər adi silahlar istehsalının üç sektorunu əhatə edir: aviakosmik sənaye, elektronika və yerüstü sistemlər. İndi həmin şirkətlər barəsində informasiya daha ətraflı olduğuna görə, Çin hərbi sənayesinin miqyası haqqında yetərincə etibarlı rəqəmlər gətirmək olar. Bundan əlavə, tədqiqatçılar belə qənaətə gəliblər ki, dünyanın ən iri silah istehsalçılarından biri Çindədir.
2017-ci ildə "TOP-100 SIPRI"yə daxil olmuş 20 ən iri şirkətdən 11-i ABŞ-da və Qərbi Avropa ölkələrində, 3-ü Rusiyada yerləşib. Araşdırma gedişində göstərilmiş Çinin dörd silah şirkətinin hamısı ilk iyirmilikdə yer alıb. Silah satışının ümumi həcmi 54,1 milyard dollara bərabər olub. Bundan əlavə, şirkətlərdən üçü ilk 10 şirkət sırasına daxil olub. Çin Aviasiya-Sənaye Korporasiyası (AVIC) hazırda Çinin ən iri silah istehsalçısıdır. Onun silah satışının həcmi 20,1 milyard dollara bərabərdir. Şirkət istehsalın həcminə görə dünyada altıncı yeri tutur. Çinin NORINCO şirkəti 17,2 milyard dollar satış həcmi ilə səkkizinci yeri tutub və faktiki olaraq dünyanın ən iri yerüstü sistemlər istehsalçısı olub.
Beləliklə, SIPRI ekspertləri belə qənaətə gəliblər ki, bu sahə ilə bağlı informasiyanın məxfi olmasına baxmayaraq, Çinin silah şirkətləri dünyanın ən iri silah şirkətlərindən sayılır və onların məcmu payı isə bu ölkəni dünyanın ikinci ən böyük silah istehsalçısına çevirir.