Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 18:27
Bakı. Trend:
Yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin Trend-ə verilən birgə məlumatına görə, məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilmişdir.
Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə mərhumun ölümünə səbəb böyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olmuşdur.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf etmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin