Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 21:24
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Cenevrədə görüşündən Dağlıq Qarabağ sülh danışıqları üzrə əhəmiyyətli irəliləyişlər gözləndiyi vaxtda Ermənistan hakimiyyətinin bəzi addımları ümidləri puça çıxarır və danışıqların effektini heçə endirir.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, Cenevrə görüşü ərafəsində Ermənistanın baş naziri Nilkol Paşinyanın Madrid prinsiplərindən praktik şəkildə imtina mənasını verən bəyanatı bu nöqteyi-nəzərdən pozuculuq və qeyri-konstruktiv yanaşma nümunəsi sayılmalıdır:
"Paşinyan görüş ərafəsində bir qədər də irəli gedərək Ermənistan cəmiyyətini Madrid prinsipləri əleyhinə kökləməyə çalışdı. Özünü guya ümumerməni mənafeləri baxımından ən təəssübkeş dövlət rəhbəri kimi göstərmək üçün münaqişənin tənzimlənməsi yolunda indiyə qədər əldə edilmiş bütün pozitiv nəticələrdən imtina yolunu tutdu. İşğal edilmiş ərazilərin azad edilməsini nəzərdə tutan prinsiplərdən belə nümayişkarənə imtina edilməsi Ermənistan rəhbərinin regionda sülh və dinc yolla Qarabağ münaqişəsinin tənzimlənməsini qətiyyən istəmədiyini bir daha göstərir. Cenevrə görüşü ərafəsində Paşinyanın mahiyyətli sülh danışıqları mənafelərinə zidd mövqeyi və erməni cəmiyyətini də buna qoşmaq cəhdləri eyni zamanda xalqların sülhə hazırlanması barədə həmsədr ölkə başçılarının dəfələrlə etdikləri çağırışlara da ziddir. Ermənistan əhalisini sülhə hazırlamaq üçün həmsədrlərin konkret çağırış tezislərinə əks addımlar atmaq Paşinyanın sülh prosesini aşkar pozmaq cəhdidir. Paşinyan öz xalqını sülhə yox, yolverilməz status-kvonun qeyri-müəyyən dövr üçün uzadılmasına hazırlayır".
Ekspert deyir ki, Cenevrə görüşü ərafəsində Paşinyanın işğal olunmuş ərazilərdə qanunsuz yaradılmış rejimin ərazisinə səfər etməsi onun məzmunlu sülh danışıqlarının səmərəsini öncədən heçə endirmək niyyətinin təzahürüdür: "Paşinyanın qondarma rejimin əsgərlərinə mənzil hədiyyəsi və rejimin "rəhbərləri" ilə görüşü qondarma qurumdakı bütün proseslərin məhz Ermənistan rəhbərliyi tərəfindən idarə edildiyini növbəti dəfə sübuta yetirir.
Cenevrə görüşü ərafəsində də həmişə olduğu kimi, Azərbaycan məzmunlu danışıqlara qəti hazır olduğunu nümayiş etdirdiyi halda, Ermənistan rəhbərinin pozucu rolu həmsədr tərəflərin diqqətindən yayınmamalıdır. Ermənistan rəhbərinin addımları Cenevrədə danışıqları pozmağa yönəlib. Cenevrədə danışıqların mümkün uğursuz nəticələrinin bütün məsuliyyəti Paşinyanın atdığı addımlardan qaynaqlanır.
XİN başçısı Mnasakanyanın danışıqlar üçün Cenrvrəyə yollanması və eyni vaxtda Paşinyanın sülh tənzimlənmə prinsiplərinə aşkar əks mövqeyi ziddiyyətlidir, Ermənistanın problemin dinc yolla həllində qətiyyən maraqlı olmadığını və dinc həll konsepsiyasına malik olmadığını göstərir.
Ermənistanın baş nazirinin öz xalqını sülh planını qəbul edib-etməməklə bağlı seçimə dəvət etməsi və qondarma rejimə şübhəli səfəri münaqişənin həlli istiqamətində birgə səylərlə çoxdan hazırlanan növbəti danışıqlar raundunun fiaskoya uğraması ilə nəticələnə bilər. Cenevrə görüşünün pozitiv nəticələri üçün daha çox məsuliyyət daşıyan həmsədrlərin indi həmişəkindən daha çox konkret mövqe nümayiş etdirmələrinə ehtiyac var. Xüsusilə də Paşinyanın son pozucu addımları ilə xalqların sülhə hazırlanması məsələsi arasında dərin ziddiyyətlər olduğuna həmsədrlər daha konkret reaksiya verməlidirlər".
Qeyd edək ki, bu gün Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüş ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edərək, orada qondarma qurumun "lideri" Bako Saakyanla bir araya gəlib, erməni əsgərlərinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.