Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həm futbol klubunun təsisçisi, həm məşqçisi, həm də oyunçusudur - REPORTAJ - FOTO

Həm futbol klubunun təsisçisi, həm məşqçisi, həm də oyunçusudur - REPORTAJ - FOTO

Tarix: 31 Yanvar 2020 22:52

Əlli üç yaşlı veteran futbolçu Kamran Nurəhmədov Azərbaycan Region Liqasında mübarizə aparan "Şirvanovka" (Qusar) futbol klubunun həm təsisçisi, həm məşqçisi, həm də oyunçusudur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Kamran Nurəhmədovun iki oğlu da onunla birlikdə Qusarın Şirvanlı kəndini təmsil edən komandada mübarizə aparır. Kiçik oğlu isə "Sabah" komandasının uğurları üçün çalışır.

Kamran Nurəhmədov həm də Azərbaycan çempionatının rekordçularındandır. O, 2016-cı ildə Birinci divizionunda yarışan "Şahdağ"ın heyətində 49 yaşında meydana çıxmaqla bu ada sahib çıxıb. "Şəmkir" komandasına qarşı keçirilən həmin matçda qalibiyyət qolunun vurulmasında böyük pay sahibi olmaqla yadda qalıb. K.Nurəhmədov həmin qarşılaşmada oğlanları Habil və Kamil qardaşları ilə eyni vaxtda meydanda olmaqla futbol azarkeşlərini təəccübləndirib.

Həmin vaxtdan sonra oğlanları karyeralarını müxtəlif klublarda davam etdirsələr də, hazırda yenidən ataları ilə çiyin-çiyinə eyni komandanın heyətində yer alırlar.

"Bizim kənddə və ətraf yaşayış məntəqələrində uşaqlar arasında çox istedadlı futbolçular var. On ilə yaxındır komandanı təsis etmişik. İki ildir Region liqasında təmsil olunuruq. Ehtiyac yarananda özüm də meydana çıxıram. Bu mövsüm qol da vurmuşam. Hələlik heç bir çətinlik görmürəm. Hələki vida matçımı oynamamışam. Futbol mənim həyatımdır", - deyə K.Nurəhmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

Karyerası ərzində "Şahdağ", "Turan", "Kimyaçı", "Şahdağ-Samur", eləcə də Rusiyanın "Dinamo" (Mahaçqala), "Lokomotiv-Taym", "Ratmir", "Volqa" (Tver), "Tekstilşik" və "Leki" komandalarında çıxış edən Kamran Nurəhmədov 2008-ci ildən məşqçiliyə də başlayıb.

"Futbolçu ailəsi"nin böyük oğlu 28 yaşlı Kamil Nurəhmədov karyerası ərzində "Rəvan", "Neftçi", "Sumqayıt" və "Abşeron" klublarının heyətində yer alıb. 2012-ci ildə Avropa Liqasının qrup mərhələsində İtaliyanın "İnter" klubu ilə ev oyununda "Neftçi"nin start heyətində yer alıb. O, Azərbaycanın 19 yaşlılardan və gənclərdən ibarət yığma komandalarında da çıxış edib.

"Atamla bir yerdə oynamağın üstünlükləri olduğu kimi çətinlikləri də var. Hansısa səhv olanda, zəif oynayanda digər oyunçular yalnız meydanda danlanır. Məndə isə vəziyyət fərqlidir. Oyunun müzakirəsi evdə də davam edir", - deyə Kamil Nurəhmədov söyləyib.

Kamildən bir yaş kiçik Habil Nurəhmədov isə peşəkar karyerası ərzində "Xəzər-Lənkəran", AZAL və "Şahdağ"da çıxış edib. Ailənin sonbeşiyi 15 yaşlı Ramil isə hazırda "Sabah" klubunun üzvüdür.

Veteran futbolçu "Şirvanovka" futbol komandasını 2006-cı ildə təsis edib. Məşqlərini Şivanlı kənd stadionunda keçən klub Azərbaycan Region liqasının Paytaxt və Şimal Zonasında mübarizə aparır.

Kamran Nurəhmədov bildirir ki, "Şirvanovka"nın heyətində yer alan 30-a yaxın futboçunun hamısı klubun öz yetirmələri sayılır. Veteran hücumçu Azərbaycanın çempionatının aşağı yaş qruplarıda kəndi təmsil edən 3 komandanın məşqçiliyini də edir.

"Şirvanovka" futbol klubu Region Liqasında növbəti oyuna turnir cədvəlinin hazırki lideri Sumqayıtın "Uğur" komandası ilə çıxacaq. Həmin oyunda da 53 yaşlı veteran futbolçu Kamran Nurəhmədovu meydanda görə bilərik.

Qusarın Şirvanlı kəndi Azərbaycan futboluna bir sıra tanınmış simalar bəxş edib. Onlardan ən məşhuru isə "Xəzər-Lənkəran", "Qarabağ" və milli komadamızın da şərəfini qorumuş Rahid Əmirquliyevdir.


Etiketlər:  Həm futbol klubunun təsisçisi həm məşqçisi həm oyunçusudur REPORTAJ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ