Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 20:52
"Çox vacib 3 xal qazandıq. Startda həmişə tam istədiyin oyunu görmək çətin olur. Ancaq bu gün futboçularda yaxşı oyun nizam-intizamı gördüm. İlk hissədən fərqli ikinci hissədə oyun bir qapıya getdi. Futbolçularımı qələbə münasibətilə təbrik edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 15-ci turunda “Səbail”i səfərdə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
- Transferlər nə yerdədir? Konkret Alper Potuk məsələsinə aydınlıq gətirərdiniz...
- Bəli, "transfer pəncərəsi"nin bağlanmasına 1 gün qalıb. Bu transfer gündəmdədir. Bizdən asılı olanı etmişik, cavab gözləyirik. Asan deyil, sonadək danışıqları aparırıq.
- Başqa transfer gözlənilir?
- Dünən bir legionerdən "yox" cavabı gəldi. Bəlkə də alınmaq ehtimalı daha çox idi. Görünən odur ki, yalnız Alper alına bilər.
- Bu gün Riçard Almeydanın yoxluğu hiss olundumu?
- Ətraflı fikir bildirməyim düzgün olmazdı. Almeyda həmişə vacib oyunçu olub. Bu gün olanlar da mənim üçün çox vacibdir. Əsas heyətin üzvünün gedişi təsir edə bilər.
- Qış transferiniz Ovusu Kvabenanı nə vaxt yaşıl meydanda görə biləcəyik?
- Dəqiq cavab verə bilməyəcəm. Sadəcə, onda komandaya uyğunlaşma problemi ola bilər. Yanvarda çempionatda oyunları vardı, fiziki durumu qaydasındadır. Sadəcə, 3 gün əvvəl məşqdə kiçik zədəsi yarandı. Ona görə risk etmək istəmədik. Bir az vaxt lazım olacaq. Təcrübəlilərdən fərqli gənclər gec uyğunlaşır.
- Son illərdə çempionluq yolunda qarşısını kəsdiyiniz "Neftçi"ylə növbəti turdakı matçdan nə gözləyirsiniz?
- Heç kimin qarşısını almaq istəmirik. Sadəcə, yuxarı yerlər uğrunda hər bir rəqiblə ciddi mübarizə aparırıq. Vaxtımız azdır. Çox istəkli "Neftçi" gördük. Həmişə oyunlarımız maraqlı olub. Hamı bu matçı gözləyir. Bu gün tam hazır deyilik, tam istədiyimiz futbolu göstərə bilmirik. Rəqibi daha yaxından analiz etməliyik.