Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 13:42
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçki kampaniyasının təşkili üzrə ardıcıl iş aparır.
Trend-in məlumatına görə, bu barədə MDB müşahidəçilər missiyasının parlament seçkilərinə hazırlıq barədə keçid hesabatında deyilir.
Sənəddə qeyd olunub ki, yanvarın 19-da işə başlamış missiya öz fəaliyyətini azad və müstəqil şəkildə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, seçki prosesinə müdaxilə etməmək prinsipinə əməl edərək və dövlətin suverenliyinə hörmət çərçivəsində həyata keçirir.
Missiya bildirir ki, MSK seçki kampaniyasının təşkili üzrə ardıcıl və müntəzəm iş aparır. Hesabatda MSK-nın seçkilərin təşkilatçılarının təliminə böyük diqqət ayırması vurğulanıb:
“Dairə və məntəqə seçki komissiyalarının üzvlərinin peşəkar hazırlığının artırılması, seçki kampaniyasının aparılmasında onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün MSK prokurorluq, polis və məhkəmə nümayəndələrinin iştirakı ilə təlimlər təşkil edib. Məşğələlər zamanı Seçki Məcəlləsinin tələblərinin reallaşdırılması, seçki prosesinin demokratikliyi və şəffaflığı, səslərin sayılmasının şəffaflığının təmin olunması üzrə tövsiyələr verilib”.
Hesabatda vurğulanıb ki, MSK və digər seçki komissiyaları seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin