Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 08:04
Avstraliya koronavirusun yayıldığı Uxan şəhərindən çarter reysi vasitəsilə təxliyə olunan ilk vətəndaşlarını Qərbi Avstraliyaya gətirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 243 nəfər avstraliyalı ölkəyə çatdıqdan dərhal sonra kiçik hərbi təyyarələrlə Mövlud adasına göndərilib. Həmin sərnişinlərdən yalnız ikisi, hamilə qadın və onun həyat yoldaşı Pert şəhərindəki xəstəxanaya aparılıb.
Avstraliyanın Səhiyyə naziri Qreq Xant bildirib ki, təxliyə olunanların müayinəsi zamanı onlardan heç birində koronavirus aşkar olunmayıb. Qeyd edib ki, Uxandan gələnlərin 89-u 16 yaşadək, 5-i isə iki yaşadək uşaqlardır.
Mövlud adasına çatan avstraliyalıları burada həkimlərdən və tibb bacılarından ibarət xüsusi qrup qarşılayıb. Onların adada iki həftə müddətinə karantində saxlanılacağı bildirilir.
Qeyd edək ki, Mövlud adası Pert şəhərindən 2600 kilometr şimal-qərbdə yerləşir.
Avstraliyanın Baş Naziri Skott Morrison isə bəyan edib ki, hökumət Çin rəhbərliyi ilə Uxanda qalan avstraliyalıların təxliyəsi barədə danışıqları davam etdirir.