Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 10:15
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir ki, müşahidə edilir.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva ölkə ərazisində anomal isti hava şəraitinin müşahidə edilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də müşahidə edilməkdədir:
"Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu əsl yaz havasıdır. Bakıda da havanın temperaturu iqlim normasından 6 dərəcə yüksək olub və yaxın 2 gün ərzində, fevralın 7-dək paytaxtımızda arabir güclənən cənub-qərb (gilavar) küləyi fonunda temperaturun 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran rayonlarında isə temperatur göstəricisi 20 dərəcəyədək yüksələ bilər".
U.Tağıyeva əlavə edib ki, el deyimi ilə qışın ən soyuq dövrü olan "kiçik çillə" də girib, amma Bakıda hələ də gecələr belə mənfi tempertur müşahidə edilməyib:
"Bizə müraciət edərək soruşurlar ki, nə üçün qış belə yumşaq keçir? Bu, nadir hadisədir, yoxsa bundan sonra da havanın belə keçməsi davam edəcək? Bu sualların birmənalı cavabı olmasa da, belə tendensiyanın davam edəcəyi ehtimalı daha çoxdur. Lakin xalqın inancı olan kiçik çillə özünü göstərəcək. Belə ki, uzun surən anomal isti hava şəraiti bir neçə günlüyə də olsa respublika ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəz olacaq. Hava şəraiti kəskin dəyişəcək. Daha ətraflı desək, fevralın 7-si axşamdan başlayaraq Bakıda artıq güclənən şimal-qərb küləyinin hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir. Temperaturun xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir. Unutmayaq ki, hava həyatımızın bir hissəsidir. Biz sinoptiklər isə çalışacağıq ki, istənilən hava gözlənilməz olmasın".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin