Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 13:15
Fevralın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpı onun xahişi ilə qəbul edib.
Sonxeber.net xəbər verir ki, QMİ-dən Trend-ə verilən məlumata görə, səfiri səmimi salamlayan Şeyxülislam həzrətləri Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını dünya siyasətində yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə edib, bu qərarın İngiltərə xalqı üçün xeyirli olacağına inandığını bildirib. İngiltərəyə səfərlərini, ölkənin dini liderlərilə görüşlərini, xüsusilə, 2016-ci ildə Londonda keçirilən beynəlxalq konfransda iştirakını xatırladan QMİ sədri qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əlaqələr yüksək səviyyədə qurulub və bu münasibətlər dövlət başçılarının səyi nəticəsində inkişaf edir.
Şeyxülislam həzrətləri Azərbaycanda din-dövlət münasibətləri, multikultural və tolerantlıq mühiti barədə qonağa ətraflı məlumat verib, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi iradənin bu gün ölkə başçısı İlham Əliyevin inamla həyata keçirdiyini diqqətə çatdırıb. Ötən ilin noyabrında Bakıda keçirilən Dünya Dini Liderlərinin II Sammiti barədə danışan QMİ sədri Allahşükür Paşazadə bildirib ki, Zirvə toplantısında 70-dən çox dövlətin, o cümlədən, Böyük Britaniyanın, 10-dan çox nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın nümayəndəsi iştirak edib. Şeyxülislam həzrətlərinin fikrincə, II Bakı Sammiti Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi mühüm töhfələrdən biridir. Şeyxülislam həzrətləri Zirvə toplantısında qəbul olunan Bakı Bəyannaməsini də əhəmiyyətli sənəd adlandırıb.
Allahşükür Paşazadə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə bu il Avropanın müxtəlif ölkələrində nifrət çağırışlarına qarşı mübarizə mövzusunda beynəlxalq konfransların planlaşdırıldığını da səfirin diqqətinə çatdırıb.
Azərbaycan xalqının Ermənistanın işğalına məruz qaldığını, silahlı münaqişə nəticəsində dini və tarixi abidələrimizin dağıdıldığını xatırladan QMİ sədri Allahşükür Paşazadə bildirib ki, rəsmi Yerevanın bu siyasəti bütün regionda sülhə və sabitliyə ciddi təhlükə yaradır. Şeyxülislam həzrətləri Böyük Britaniya da daxil olmaqla böyük dövlətlərin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi üçün daha ardıcıl siyasət yeridəcəklərinə, münaqişənin sülh yolu ilə ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ediləcəyinə inamını ifadə edib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp Şeyxülislam Allahşükür Paşazadənin regionda və dünyada sülhün, sabitliyin bərpasındakı xidmətlərini yüksək qiymətləndirib, belə bir tanınmış dini liderlə görüşməkdən məmnun qaldığını bildirib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Sonda səfirə xatirə hədiyyəsi və QMİ-nin son illərdəki fəaliyyətini əks etdirən kitablar hədiyyə olunub.