Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 09:30
Çinin Uhan şəhərində yeni növ koronavirusun mənbəyi kimi göstərilən Huanan Dəniz Məhsulları Bazarı bağlandıqdan sonra, bu dəfə İndoneziyada olan və dünyanın ən qorxunc bazarı hesab edilən Tomohon bazarı dünya gündəminə düşüb.
Sonxeber.net Qanarinfo-ya istinadən xəbər verir ki, sözügedən bazara daha çox çinlilər üz tutur. Uhan bazarında olduğu kimi burada da yarasa, ilan, it, meymun və digər heyvanlar satılır. Bazarı qorxunc edən isə qəfəslərdə saxlanılan heyvanların satışdan öncə diri-diri qaynadılmasıdır. Satıcıların turistləri qorxutmaq və diqqət çəkmək üçün heyvanlara işgəncə verdikləri bildirilir. Hətta bəzi nəsli kəsilməkdə olan meymun növlərinin İndoneziya qanunlarına görə öldürülməsi qadağan olsa da, bazarda satılır.
Koronavirus səbəbindən bazar çinli müştərilər üçün bağlı olduğundan, turist sayından ciddi azalma müşahidə edilir.
Mütəxəssislər Tomoho bazarının və digər vəhşi heyvan bazarlarının potensial koronavirus yerləri olduğunu bildirirlər. Heyvan haqlarını müdafiə edənlər isə bu tip bazarların bağlanmasını tələb edirlər.
Vəhşi heyvanlarda müasir tibb tərəfindən hələ də müəyyənləşdirilməyən 1,7 milyon virus növü olduğu bildirilir. Tarix boyu çox sayda yoluxucu xəstəliyin Asiya və xüsusilə də Çində ortaya çıxması bu səbəbdən təsadüfi deyil.