Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 10:21
Fevralın 9-da Şəki-Zaqatala bölgəsini əhatə edən rayonlarda da Milli Məclisə seçkilərə vaxtında start verilib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, səhər saat 08.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 9 seçki dairəsinin 418 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb. Bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 387 min 297 nəfərdir. Onlardan 584 nəfəri seçkilərdə ilk dəfə iştirak edir. Seçkiyə 5 gün qalmış 113 saylı Şəki şəhər seçki dairəsinin tərkibində, Şəki Penitensiar Xidmət Müəssisəsində əlavə seçki məntəqəsi də yaradılıb və bu məntəqədə 880 vətəndaş səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə bu rayonlar üzrə Milli Məclisə 9 yer uğrunda 73 namizəd mübarizə aparır. Namizədlərin 12 nəfəri siyasi partiyaları təmsil edir. 61 nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Namizədlərin 19-u qadınlardır.
Vətəndaşların sərbəst şəkildə səs vermələri üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, həmçinin etibarlı rabitə sistemi və elektrik generatorları ilə təchiz olunub. Bu dairələr üzrə seçkilərin gedişini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 5133 yerli və beynəlxalq müşahidəçi izləyir.
112 saylı Qax seçki dairəsinin şəhər 2 nömrəli məktəb-liseydə yerləşən 2 saylı seçki məntəqəsində səsvermə prosesinin başlanmasını izləyib. Seçki komissiyasının sədri Abdulla Orucovun bildirdiyinə görə, məntəqədə 1143 seçici qeydə alınıb. Onlardan 18 nəfəri seçkilərdə ilk dəfə səs verəcək. Məntəqə üzrə yaşlı və səhhətində problemləri olan seçicilərin də siyahısı çıxarılıb.
Güclü qarın yağmasına baxmayaraq, əvvəlki seçkilərdə olduğu kimi, yenə də ilk olaraq məntəqəyə Qax şəhər sakini, 81 yaşlı Fikrət Adaşov gəlib. O, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu seçkidə iştirak etməkdən qürur hissi keçirdiyini, arzuladığı namizədə səs verdiyini bildirib. 18 yaşı yenicə tamam olan Zalxa Hacızadə isə ilk dəfədir səs verir. Gənc seçici bu tarixi günün yaddaşında xoş bir xatirə kimi əbədi qalacağını bildirib. Digər seçicilər də məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını qeyd ediblər.
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.