Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 13:09
Azərbaycanda parlament seçkilərində səsvermə prosesi sakit keçir, hamı peşəkar şəkildə işləyir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə seçkiləri müşahidə edən israilli jurnalist Mixail Finkel deyib.
Onun sözlərinə görə, soyuq hava və erkən saata baxmayaraq vətəndaşlar seçki məntəqələrinə gəlir:
"İlk növbədə fəallığı yaşlı vətəndaşlar nümayiş etdirir, digər vətəndaşlar da sonra gəlməyə başlayır. Fikrimcə, günorta saatlarında fəallıq daha da artacaq".
O, seçki prosesinin yaxşı davam etdiyini bildirib və hər kəsin peşəkarlıqla və məsuliyyətlə işlədiyini deyib.
M.Finkel Azərbaycanla İsraildəki seçki prosesini müqayisə edib:
"İsraildə və Azərbaycanda seçkilər oxşar məqamlara malikdir. Azərbaycanda seçkilərin keçirilməsi üçün ən xırda detallarına kimi zəruri şərait yaradılıb".
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.