Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2020 21:00
Ölkədə keçirilən parlament seçkiləri bir çox beynəlxalq təşkilatlar tərəfindən, o cümlədən, ATƏT PA, həmçinin, ATƏT DTİHB tərəfindən yüksək və məqbul şəkildə dəyərləndirildi. Azərbaycanda keçirilən seçkilər ölkədəki demokratik islahatların nəticəsi olaraq qiymətləndirildi. Lakin bir sıra qüvvələr var ki, hətta edilən bəyanatlara rəğmən, müəyyən dairələrin anti-Azərbaycan əleyhinə verdikləri tapşırıqları icra etməyə cəhd göstərirlər.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev parlament seçkilərindən sonra ölkədə çaxnaşma yaratmaq istəyən fərdlərin qanunsuz əməllərinə münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, seçkiləri müşahidə edən 800-dən çox beynəlxalq müşahidəçi və jurnalist qrupu birmənalı olaraq həmin nəticələri şəffaflıq və demokratiyaya dəstək kimi qiymətləndirib: "Əbəs deyil ki, verilən hər bir qiymət, hər bir dəyər ölkəmizdəki demokratik və şəffaf meyarlardan xəbər verdi. Bu, birbaşa sübut etdi ki, Azərbaycanda aparılan siyasi islahatlar reallığın ölkədə keçirilən seçkilər kontekstində modern etalon faktorunu ortaya qoydu".
"Təəssüf ki, bütün bunların müqabilində bir sıra destruktiv qüvvələr - xüsusilə ölkədəki sabitliyi pozmaq istəyən sözdə müxalifət öz rüsvayçılıqlarını gizlətməkdən ötrü uğursuz cəhdlərə əl atdılar" - deyən Bəhruz Quliyev qeyd edib ki, belə cəhdlərin arxasında dayanan faktorlardan biri də Azərbaycan əleyhinə fəaliyyət göstərən ermənipərəst qurumların siyasi oyunbazlıqlarıdır:
"Əgər bu gün Bakı şəhərinin mərkəzində 3-5 nəfər, xüsusilə qadınlar AXCP, Milli Şura kimi qurumlar tərəfindən ortaya atılırsa, Əli Kərimli, Cəmil Həsənli kimi şəxslərin təlimatları əsasında müəyyən satılmış şəxslər var-gəl edirlərsə, bu faktın özü sübut edir ki, onlar xalqın seçim iradəsi fonunda aldıqları ağır zərbəni həzm edə bilmək iqtidarında deyillər. Maraqlıdır ki, postseçki dövründə bu kimi "qüvvələr" məhz beynəlxalq təşkilatların şəffaf və demokratik seçkilərə verdikləri müsbət qiymətlərindən sonra birdən-birə fəallaşdılar. Təbii ki, Azərbaycandakı sabitliyə, münbit seçki mühitinə xələl vurmaq istəyən bir qrup ünsür öz istəkləri ilə deyil, müəyyən cinahların sifarişləri əsasında bu oyuna qol qoyublar. Amma göründüyü kimi 5-10 nəfərin uğursuz cəhdləri bütövlükdə xalq tərəfindən dəstək almadı".
Baş redaktor bildirib ki, reallıq göz önündədir: "Azərbaycan xalqı öz iradəsini bildirib, məqbul saydığı insanları parlamentə seçib. Əgər hər hansı destruktiv qüvvələr xalqın iradəsinə qarşı çıxırsa, bu, Azərbaycan dövlətinin maraqlarına qarşı çıxmaq anlamını daşıyır. Hesab edirəm ki, əgər mühüm beynəlxalq təşkilatlar seçkilərin nəticələrini yüksək qiymətləndiribsə, 3-5 nəfərlik qaragüruhçu qrupların cəhdləri, hər hansı qruplara işləmək həvəsləri uğursuz nəticələnəcək. Azərbaycan dövləti və xalqı haqq-ədalət yolundadır, bu yol dönməz və sarsılmazdır".