Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 18:28
Vətəndaşların müraciətinə biganə münasibət göstərilməməlidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Bildirilib ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.
Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib.
2019-cu ildə bütövlükdə prokurorluq orqanlarına 81 min, o cümlədən Baş Prokurorluğa 65 min ərizə və şikayət daxil olmaqla, onlardan 42 mininin müvafiq qaydada həlli, o cümlədən 9 min müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunub. Prokurorluq orqanlarında 26 mindən çox, o cümlədən Baş Prokurorluqda 2 minə yaxın vətəndaş qəbul edilib. Prokurorluğun əlaqədar qurumlarından tələb edilmişdir ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində əməkdaşların məsuliyyətinin artırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması təmin edilməli, müraciətlərə formal yanaşılmamalı, eləcə də qəbula gələn hər bir vətəndaşın müraciətinə həssaslıq və məsuliyyətlə yanaşılmaqla biganə münasibət göstərilməməli, onların müsbət həlli istiqamətində səlahiyyətləri daxilində bütün mümkün imkanlardan istifadə edilməlidir.
Xüsusi vurğulanıb ki, Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın 12 bölgəsində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə 282 vətəndaş qəbul edilməklə, qaldırılan məsələlərin yerində həlli və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib.