Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 09:30
Azərbaycanda bu il taxıl qıtlığı gözlənilmir.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, ölkənin taxıl təminatında heç bir qeyri-müəyyənlik yoxdur: "Bu il ölkəyə taxıl idxalı da ötən ilin yanvar ayı ilə müqayisədə 50 faiz azalıb. Artıq bu il də idxalın azalması gözlənilir. Ötən il taxıl ehtiyatı tam olaraq formalaşdırılıb".
F.Fikrətzadə 2018-2019-cu il mövsümündə ölkəyə taxıl idxalının artmasının səbəblərini də açıqlayıb: "2017-2018-ci il mövsümündə dünya bazarında taxılın qiyməti artmışdı. Ona görə də yerli sahibkarlar daha çox ehtiyat taxıllarından istifadə etdilər, yəni xaricdən idxala üstünlük vermədilər. Həmin vaxt Azərbaycanın taxıl ehtiyatı 1 milyon 600 min tondan 700 min tona düşmüşdü. 2018-2019-cu mövsüm ilində isə dünya bazarında taxılın qiyməti aşağı düşdü.
Bundan istifadə edən sahibkarlar tükənmiş taxıl ehtiyatını artırdı. Onu da qeyd edim ki, 2019-2020-ci il mövsümündə həm dünya bazarında, həm də Azərbaycanda quraqlıq riskinə görə istehsalın həcmində qeyri-müəyyənlik gözlənilir. Ona görə də sahibkarlar öz ehtiyatlarını formalaşdırıblar. Bu il əkin yaxşı çıxış vermədi.
Oxşar proses dünya ölkələrində də müşahidə edilir. Bu il Azərbaycanda da taxıl istehsalının azalması gözlənilir. Amma bu, ölkədə taxıl qıtlığının yaranmasına səbəb olmayacaq. Çünki ötən il sahibkarlar tərəfindən ölkənin taxıl ehtiyatı formalaşdırılıb. Ona görə də hazırda ölkədə kifayət qədər taxıl ehtiyatı var".