Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uxanda daha 19 bina koronavirusa yoluxanlar üçün müvəqqəti xəstəxana kimi fəaliyyət göstərəcək

Uxanda daha 19 bina koronavirusa yoluxanlar üçün müvəqqəti xəstəxana kimi fəaliyyət göstərəcək

Tarix: 23 Fevral 2020 08:18

Koronavirusun yeni növünün (COVID-19) episentri olan Çinin Xubey vilayətinin Uxan şəhərində virusa yoluxan xəstələrin yerləşdirilməsi üçün daha 19 bina müvəqqəti olaraq xəstəxanaya çevriləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Uxan şəhər merinin müavini Hu Yabo məlumat verib. Həmin binalarda artıq fevralın 25-dən etibarən xəstələrin yerləşdirilməsinə başlanılacaq. Müvəqqəti xəstəxanalar tibbi xidmətlərin lazımi səviyyədə aparılması üçün ehtiyac duyulan avadanlıqla təmin ediləcək. Bununla da şəhərdəki xəstəxanalarda koronavirusa yoluxmuş xəstələr üçün yerlərin sayı 30 minə çatacaq.

Hu Yabo bildirib ki, şəhər rəhbərliyinin qərarı ilə indiyədək Uxanda 13 müxtəlif bina, o cümlədən idman arenaları, konfrans və sərgi mərkəzləri, fabrik binaları müvəqqəti olaraq xəstəxanaya çevrilib. Vəziyyəti orta olan xəstələr üçün nəzərdə tutulan həmin binalarda 13 min 348 çarpayı var.

Xatırladaq ki, Uxanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin yerləşdirilməsi üçün təxminən 10 gün ərzində 1600 və 1000 yerlik iki mobil xəstəxana da inşa olunmuşdu.

Çin Dövlət Səhiyyə Komitəsinin son məlumatına əsasən, Çində yeni tip koronavirusa (COVID-19) yoluxanların sayı 76 min 395, bu virus səbəbindən ölənlər isə 2348 nəfərə çatıb. İndiyədək 20 min 674 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 11 min 477 xəstənin vəziyyəti kirtikdir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş təxminən 619 min nəfəri müəyyən edib, onlardan 113 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika, Misir, İran və Livanda 1200-dən çox yoluxma, 12 ölüm faktı qeydə alınıb.


Etiketlər:  Uxanda daha bina koronavirusa yoluxanlar üçün müvəqqəti xəstəxana kimi fəaliyyət göstərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ