Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 12:28
Demək olar ki, hər gün respublikanın avtomobil yollarında onlarla qəza baş verir. Bu yol-nəqliyyat hadisələrində yüzlərlə insan həyatını itirir və xəsarət alır.
Sonxeber.net bildirir ki, oxu.az baş verən qəzalar və onların səbəbkarları, eləcə də, etdiyi qanun pozuntuları ilə "fəxr edənlər"lə bağlı kiçik araşdırma aparıb:
Azərbaycanda "yol qətliamı"
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində respublikanın avtomobil yollarında 1870 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələrin sayı 2018-ci illə müqayisədə, 2,9 faiz çox olub. Bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 3,7 faiz artaraq, 2 523 nəfər təşkil edib. Onlardan 821-i həyatını itirib, 1702-si isə yaralanıb.
Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Bütün yol-nəqliyyat hadisələrinin 43,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Fevralın 20 günündə respublikanın avtomobil yollarında 33 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yol qəzalarında 38 nəfər ölüb, 26 nəfər isə xəsarət alıb.
Bu rəqəmlər insanı dəhşətə gətirir. Ekspertlər belə ağır qəzaların səbəbləri kimi çox zaman sürət həddinin aşılması, ara məsafəsinin qorunmaması və insanların yolun piyadalar üçün müəyyən olunmamış hissəsindən keçməsini göstərirlər.
Bundan başqa, qəzaların baş verməsində bəzi sürücülərin birbaşa səhlənkarlığı mühüm rol oynayır. Əgər buna səhlənkarlıq demək olarsa...
Bu günlərdə Gəncədə 16 yaşlı Şahin Hacıyevin "Niva" markalı avtomobillə qəzaya düşərək, ölməsi xəbəri yayılıb. Bundan sonra isə Ş.Hacıyevin həmin avtomobillə hadisədən öncə "avtoşluq" etməsi ilə bağlı video paylaşılıb. Bəs 16 yaşlı oğlanın ölümündə günahkar kimdir?
Əvvəlcə qanuna nəzər salaq:
"Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin ikinci hissəsində deyilir:
Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və "A1" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) "A", "B" və "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
4) "BE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan ("B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) tramvayları, trolleybusları, idarəetmə hüququ - 21 yaşdan;
5-1) "CE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan ("C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə); 5-2) "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə)
6) "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
Hərbi qulluqçular "CE", "D" və "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada 19 yaşdan əldə edə bilərlər.
Bu, qanun hissəsidir, bəs buna göz yuman polis əməkdaşları, valideynlər? Onlar bu ölümdə birbaşa günahkardırmı?
Diqqəti bu məsələdən birbaşa "avtoşluğu" özünə əyləncə bilən şəxslərə yönəltmək istəyirik. "Instagram" vasitəsilə axtarışlar edən zaman "avtoşluğu" təbliğ edən çox sayda səhifəyə rast gəlmək mümkündür. Onlar, əsasən, "Niva", "VAZ 2106" və "VAZ 2107" markalı avtomobilləri təhlükəli vəziyyətdə idarə edirlər.
Bundan başqa, avtomobillərdə əlavə avadanlıqlar quraşdıraraq, bir növ bununla "fəxr edirlər". Kimisi əlavə işıqlar və səs siqnalları quraşdırır, kimisi avtomobilin çəkisinin oxlar üzrə düzgün paylaşılmaması üçün texniki dəyişikliklərə əl atır. Bu, idarəetmə zamanı avtomobillərin qəza törətmə şansını artırır.
Qanunla tənzimləmə
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində əks olunan maddələr və onların cərimələri bunlardır:
- Ara məsafəsi və əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması (40 manat)
- Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə və yol ayrıcını keçmə qaydalarının pozulması (60 manat, 3 bal)
- Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə (yüz manat, 4 bal)
- İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə (30 manat)
- Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə (40 manat)
- Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə (100 manat)
- Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə (Fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 2000 manat)
- Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni tormoz sistemi və sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istimarına, normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulmasına yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə (250 manat)
- Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə (500 manat)
- Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə (inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir)
- Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər: nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs.
Dünən saytlardan birinə özünü "avtoş" sayan şəxslərdən biri müraciət edərək, onun avtomobillə etdiyi qayda pozuntularının videosunun yayılmasından narahat olmadığını bildirib.
O qeyd edib ki, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir və maşın atasının adınadır. O, hətta atasının və maşının saxlanılmasından narahat olmadığını da bildirib.
Məsuliyyət, yoxsa ölümlə üz-üzə?!
Bu məsələdə əsas məsuliyyət, əlbəttə ki, yol-patrul xidmətinin əməkdaşlarının üzərinə düşür. Ancaq onu da unutmaq olmaz ki, belə qayda pozuntuları ya sürücülərin, ya sərnişinlərin və ya digər hərəkət iştirakçılarının həyatlarını təhlükədə qoyur.
Oxu.az olaraq, özlərini "avtoş" kimi təqdim edən şəxslərə müraciət edirik:
"500-1000 manat cərimədən qorxmayanlar, özünüzü, ailənizi, təhlükəyə atdığınız digər şəxsləri və onların yaxınlarını düşünün!
Gəncədə baş verən və 16 yaşlı gəncin həyatına son qoyan qəza sizin də qarşınıza çıxa bilər. El arasında "dəmir parçası" adlandırdığımız avtomobillərlə kimlərəsə özünüzü göstərmək və ya əylənmək xatirinə həyatınızı təhlükəyə atmağa, ölümlə üz-üzə qalmağa ehtimac varmı? Bununla nə əldə edəcəyinizi və nələri itirə biləcəyinizi düşünün!"
Sonda isə onu da qeyd edək ki, Avropa ölkələrində bu kimi qayda pozuntularının cəzaları daha sərtdir. Bu da yol-nəqliyyat hadisələrinin azalmasının başlıca səbəbkarıdır. Azərbaycan isə dünyada avtomobil qəzalarında ölüm hallarına görə ilk sıralardadır.