Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 10:52
Bakı. Trend:
Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə əməkdaşlığı uğurla davam etdirir.
Mərkəzdən Trend-ə verilən məlumata görə, Mərkəzi ofisi İsveçrənin Aiqle şəhərində yerləşən bu beynəlxalq idman qurumu ilə əldə olunan razılığa əsasən Bakı Media Mərkəzi 2020-ci ilin sonuna qədər İttifaqın velosiped idmanının BMX Supercroos növü üzrə təşkil olunan dünya super kuboku üçün nəzərdə tutulmuş zəruri yayım xidmətlərini həyata keçirəcək.
Bu kubokların promo video çəkilişlərini də Bakı Media Mərkəzi aparacaq.
Beynəlxalq Velosiped İttifaqının BMX Supercroos dünya kuboku növü üzrə təşkil etdiyi çempionat turu qlobal xarakter daşıyır. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qədər bu yarışlar iki il ərzində Böyük Britaniya, Hollandiya, Fransa, ABŞ, Argentina və Avstraliyada təşkil olunacaq.
2019-cu ilin iyun ayında Fransa Velosiped Federasiyası tərəfindən təşkil edilən Fransa Milli Çempionatının canlı yayımını da Bakı Media Mərkəzi həyata keçirəcək.
Bakı Media Mərkəzinin İcraçı Prodüseri Tahir Əliyev BMX Supercroos növü üzrə turların Olimpiya oyunlarına seçmə mərhələ əhəmiyyəti daşıyan yeganə elitar yarış olduğunu xatırladaraq deyib: “Biz Bakı Media Mərkəzi olaraq, Beynəlxalq Velosipedçilər İttifaqının bu cür nüfuzlu yarışına cəlb olunmağımızdan qürur duyuruq. Şirkət Beynəlxalq Velosiped Federasiyası ilə bağlanmış müqaviləyə uyğun olaraq yüksək keyfiyyətli çəkiliş məhsulu təqdim edəcək. Ümud edirik ki, bu, həm də bizim Beynəlxalq Velosipedçilər İttifaqı ilə uzunmüddətli əməkdaşlığımızın başlanğıcı olacaq”.
Bakı Media Mərkəzi Azərbaycanın beynəlxalq tədbirlərdən və idman yarışlarından çəkiliş və yayım təcrübəsi olan ilk innovativ şirkətidir.
Şirkət 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının çəkilişlərinə cəlb edilib, Tour D'Azerbaijan və 4-cü İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, bir çox nüfuzlu idman yarışlarının çəkilişlərində iştirak edib, 2018-ci ildə isə Azərbaycan Velosiped İdman Federasiyası tərəfindən təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının BMX növü üzrə Dünya Çempionatlarına yayım xidmətləri göstərib.
Mərkəz həm də audio-vizual məhsulların istehsalı sahəsində geniş çeşiddə xidmətlər göstərən çoxfunksiyalı bir şirkətdir.
Xatırladaq ki, yaxın günlərdə paytaxtımızda təşkil ediləcək UEFA Avropa Liqasının final oyununun canlı yayım çəkilişlərini də Bakı Media Mərkəzi Britaniyanın tanınmış BT Sport şirkəti ilə birgə həyata keçirəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin