Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 09:24
Transadriatik Boru Kəməri (TAP) İtaliyanın digər qaz ixracatçılarından asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Norveçin "Rystad Energy" müstəqil tədqiqat və konsaltinq şirkətinin baş analitiki Svapnil Babele deyib.
S.Babele bildirib: "Hazırda İtaliya qaz ixracının böyük hissəsini Rusiya, Əlcəzair, Qətər, Liviya və Norveçdən edir. İtaliya öz enerji mənbələrini şaxələndirməyi və Rusiya qazından asılılığını azaltmağı planlaşdırır. 2018-ci ildə ölkə təxminən 23 milyard kubmetr Rusiya qazı idxal edib. 2019-cu ildə də Almaniyadan sonra İtaliya ən böyük qaz alıcılarından biri olaraq qalır. Ötən il İtaliya Liviyadan qaz idxalını artırıb. Ancaq Liviyada davam edən vətəndaş müharibəsi səbəbindən qaz ixracı ilə bağlı qeyri-müəyyənlik mövcuddur, çünki ölkə hər an defolt elan edə bilər. Beləliklə, əlavə qaz tədarükü İtaliyaya enerji tədarükünü sabitləşdirməyə kömək edəcək".
Analitik qeyd edib ki, TAP vasitəsilə Azərbaycan qazı təkcə İtaliyadakı qaz mənbələrini şaxələndirməyəcək, eləcə də enerji təhlükəsizliyini təmin edəcək: "Bu, həmçinin İtaliyanı digər Avropa ölkələri üçün regional qaz qovşağına çevirəcək və İtaliyaya digər tədarükçülərlə qazın daha sərfəli qiymətini müzakirə etmək üçün imkan yaradacaq. Beləliklə, qaz bazarında rəqabətin artmasına gətirib çıxaracaq. TAP vasitəsilə İtaliyaya əlavə 8,8 milyard kubmetr qaz tədarük olunacaq ki, bu isə proqnozlara əsasən Əlcəzairdən 2030-cu il üçün azalacağı gözlənilən qaz idxalını əvəz edəcək. Bu, həmçinin qısamüddətli perspektivdə Rusiyadan da qaz idxalını əvəz edə bilər".
Qeyd edək ki, 4,5 milyard avro dəyəri olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir.
TAP-ın ilkin ötürücülük qabiliyyəti iki qat artırma imkanı ilə ildə 10 milyard kubmetr olacaq.
Boru kəmərinin uzunluğu 878 kilometrdir, onun 550 kilometri Yunanıstanın, 215 kilometri Albaniyanın, 105 kilometri Adriatik dənizinin dibindən, 8 kilometri isə İtaliyanın ərazisindən keçəcək.
TAP-ın səhmdarları BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%) Enagaz(16) və Axpo (5%) şirkətləridir.