Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 10:22
Yaponiyalı alimlər Azərbaycanda aşkar edilmiş mezolit və neolit dövrünə aid əmək alətləri ilə bağlı tədqiqatlar aparırlar.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Sonxeber.net-a verilən məlumata görə, institut nəzdindəki Arxeoloji Fondda elmi ezamiyyətdə olan yaponiyalı alimlər - Tokiodakı Kokuqakuin Universitetinin Yazı fakültəsinin doktoru, arxeoloq Hiroto Nakata və Yaponiya Elmin İnkişafı Fondunun və Perspektivli Tədqiqatlar Universitetinin (Hayama şəhəri, Kanaqava prefekturası) doktoru, arxeoloq Sayci Arai kameral tədqiqatlar aparırlar.
Bildirək ki, yaponiyalı mütəxəssislər 2015-2019-cu illər arasında Azərbaycanın qərb rayonlarında, əsasən də Qazax rayonun hüdudlarında yerləşmiş Avey dağı ərazisində və Damcılı mağarasında tədqiqat aparan Azərbaycan-Yaponiya Beynəlxalq arxeoloji ekspedisiyasının üzvləridirlər.
Yaponiyalı alimlərin kameral tədqiqatlarının əsas obyekti - arxeoloji tədqiqatlar zamanı Azərbaycan ərazisində aşkar edilmiş mezolit və neolit dövrünə aid daş və sümük əmək alətləridir. Aşkar edilmiş alətlərin trasoloji analizi Azərbaycan ərazisində yaşamış mezolit və neolit dövrü insanlarının daş və sümük emalı texnologiyalarının oxşar və fərqli xüsusiyyətlərinin müəyyən edilməsi, yerli özəlliklərin və əhalinin mümkün miqrasiya vektorlarının təyinidir. Eyni zamanda yaponiyalı mütəxəssislərin müasir texnologiyalar vasitəsilə apardığı tədqiqatlar Azərbaycan ərazisinin mezolit dövründə iqlimi, flora və faunası barədə təsəvvür formalaşmasına imkan yaradır.